Mərkəzi Bankın məlumatına görə əhalinin banklarda vəsaitlərinin sayı kəskin artıb. Bu il banklara əmanətlərin əsasən manatla qoyulması nəzərə çarpıb.
Əhalinin banklara manatla əmanət qoymasına hansı faktorlar təkan verir?
Müəyyən edilən yeni sığorta faizlərinə görə banklara manatla vəsait qoymaq əhaliyə daha çox sərf edir.
Bunu Ednews-a açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın son açıqlamasına görə banklarda vəsaitlərin sayı 8.1% artıb.
“Ümumilikdə, banklarda milli valyutanın dəyəri təxminən 13 milyard manat təşkil edir. Bunun əsas səbəbi banklarda sığorta faizi dərəcəsinin müəyyən edilməsidir. Əmanətlərin Sığortalanması Fondu bildirib ki, əgər banklar əlavə sığorta faizi təklif edib daha sonra da bağlansalar əmanətləri dövlət qarşılamayacaq. Hazırda faiz dərəcələri manat üçün 12, dollar üçün isə 2.5-3 faiz müəyyən edilib. Beləliklə, əhali üçün banklara manatla yatırım etmək daha sərfəli hala gəlib”.
Ekspertin açıqlamasına görə əhalinin manatın sabit məzənnəsinə etibarı artıb və bu valyutanın dövriyyəsinə müsbət təsir edir. Onun fikrincə, manatın sığorta faizinin dollardan çox olması əhalinin banklara manatla əmanət qoymasına təkan verir.
“Buna təbii ki, manatın uzun müddətdir dollar qarşısında sabit qalması da təsir edib. Bu kimi səbəblərə görə insanlar etibarı artıb. Hər bir halda banklarda manatın dövriyyəsinin çoxalması olduqca müsbət haldır.
Əslində çox sevindirici haldır ki, insanlar öz vəsaitlərini evdə dollarla saxlamaqdansa banklara manatla əmanət qoyur. Bu bir daha sübut edir ki, bank vəsaitlərinin dövriyyəsi və valyutanın dəyər dəyişməsi həm də əhalinin məzənnəyə etibarından asılıdır”.
Fərid