Dünyanı cənginə alan koronavirus pandemiyası nə vaxt bitəcək? Mütəxəssislərin bununla bağlı hər hansı proqnozları varmı?
EDNews.net xəbər verir ki, ABŞ-ın allergik və infeksion xəstəliklər üzrə Milli İnstitutunun direktoru, Birləşmiş Ştatlarda koronavirusa qarşı mübarizə üzrə mütəxəssislər qrupuna başçılıq edən Entoni Fauçi bununla bağlı ehtiyatlı proqnoz verir, pandemiyanın 2022-ci ilin yazında bitə biləcəyini deyir. Eyni zamanda bildirir ki, virus bütün kartları qarışdıra və yeni sürprizlər ortaya çıxara bilər.
“Fikrimcə biz çox dürüst, açıq və ciddi olmalıyıq. Biz bilmirik. Bu virus bizi müxtəlif dalğaları ilə çox aldadıb, ayrıca götürülmüş ölkələrdə və bütövlükdə dünyada. O cümlədən ABŞ və Böyük Britaniyada. Mən ümid edirəm ki, pandemiya gələn ilin yazında bitəcək”, - mütəxəssis deyib.
Doktor Fauçi qeyd edib ki, koronavirus hamının yaşadığı çox həyacanlı təcrübədir. Onun sözlərinə görə, hamının pandemiyanın bitəcəyini gözlədiyi bir vaxtda virusun yeni ştammları meydana çıxdı.
“Birləşmiş Ştatlarda yayın gəlişindən əvvəl biz gündəlik yoluxma sayını minimuma endirə bilmişdik, amma sonra “Delta” ştammı şəklində böyük sürpriz meydana çıxdı və hər şeyi alt-üst etdi. Ona görə də mən indi dəqiq proqnoz verə bilmərəm ki, gələcəkdə nə baş verəcək”, - Fauçi bildirib.