Müasir dövrdə sığorta həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xarici təcrübədə bu yayqın olsa da Azərbaycan cəmiyyətində sığorta anlayışı tam formalaşmayıb. İnsanlar hələ də sığorta anlayışına tam etibar etmir, bu da bu sahənin ölkədə inkişafına təkan vermir.
Son zamanlar isə ən çox müzakirə olunan mövzu tibbi sığorta ətrafında formalaşıb. Tibbi sığorta ən vacib və təlabatlı sahə olması ilə yanaşı, həm də dövrün tələbidir.
Məlumat üçün qeyd edək ki, tibbi sığortanın iki – icbari (məcburi) və könüllü sahələri var.
Bəs, icbari və könüllü tibbi sığortanın fərqləri nədir?
Məsələyə sığorta üzrə ekspert İlkin İbrahimovla aydınlıq gətirməyə çalışdıq. Mütəxəssis Ednews-a açıqlaması zamanı bildirib ki, icbari sığorta dövlətin inzibati amillərini nəzərə almaqla qanunvericiliklə tənzimlənir.
“Bunun üçün standart müqavilə var və hər bir vətəndaşa şamil olunur və onun icrasına da dövlət inzibati amilləri ilə baxılır. Məsələn avtonəqliyyat vasitələrinin sığortasının icrasına Dövlət Yol Polisi İdarəsi nəzarət edir. Nəticəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Bununla bağlı nəzarət həyata keçirilir. Bu, icbari anlayışla bağlıdır. Eyni zamanda icbari sığorta həm də sosial məqsəd daşıyır. Sosial məqsəd, bütün ölkə vətəndaşlarının hər hansı bir məhsula, hüquqa, xidmətə əlçatımlılığının təmin edilməsidir. Sığortada sosial məqsəd isə qəflətən baş verən hadisələr - dövlət büdcəsindən gözlənilməz transferlər ola bilər və bu növ sığortalar vətəndaşların riskini daha da azaldır.
Ekspert həmçinin könüllü sığortanın da detallarından da danışıb. O, vurğulayıb ki, könüllü sığorta isə icbari sığortadan bu müddəalarına görə fərqlənir:
“Vətəndaş öz əmlakını, həyatını və s. bu risklərdən könüllü şəkildə sığorta şirkətlərinə gedərək sığortalaya bilər. Bu müqavilə fərdi xarakter daşıyır və kontrakt sifarişçinin istəkləri nəzərə alınaraq tərtib edilir. Sığorta şirkəti də bu istəklərə uyğun olaraq sığorta riskini, haqqını və s. müəyyən edərək müştəriyə təklif verir. Ortaq razılaşmadan sonra hər iki tərəfin iradə ifadəsi olaraq sonda müqavilə imzalanır. Sənədə əsasən də sığorta kompensasiyası verilə bilir”.
İ. İbrahimov qeyd edib ki, icbari tibbi sığorta üzrə hazırda icraedici mexanizmi Tibbi Sığorta Agentliyi yerinə yetirir. Onun sözlərinə görə, bütün ölkə boyu 2024-cü ilə kimi güzəştli kateqoriyaları, vətəndaşları da əhatə etməklə bütün Azərbaycan vətəndaşları icbari tibbi sığortadan faydalana bilərlər.
Eskpert daha sonra bildirib ki, könüllü tibbi sığorta icbari tibbi sığortadan fərqli olaraq könüllü xarakter daşıyır, özəl sığorta şirkətləri tərəfindən təqdim olunur.
“İcbari tibbi sığortadan fərqli olaraq könüllü tibbi sığortada dövlət xəstəxanaları, poliklinikaları deyil, özəl xəstəxanalara göndərişlər verilir. Könüllü tibbi sığortanın qiyməti daha yüksək, icbari tibbi sığortada isə qanunla müəyyən olunur. Bu zaman vətəndaşların əmək haqqından 2 faizi qədər məbləğ tutulur”.
İlkin İbrahimov Azərbaycanda icbari sığortanın və icbari tibbi sığortanın tətbiqi ilə bağlı vəziyyətdən də danışıb.
“Hazırda ölkəmizdə könüllü, eləcə də icbari sığorta ilə bağlı həm qanunvericikdə, həm də qanunun tətbiqi ilə bağlı vətəndaşlara bu xidmətlər təklif olunur. Azərbaycanda könüllü sığortanın sayı icbari sığortaya nisbətdə daha çoxdur. Ölkəmizdə daha çox sığortalanan haqq kimi biz könüllü sığortanı qeyd edə bilərik. Rəsmi olaraq, nəzarətedici Mərkəzi Bankın statistikasına əsasən belə qənaətə gəlmək olar. İcbari sığorta Sığorta Bürosu tərəfindən həyata keçirilir. İSB-nın xidmət və məhsuları lisenziya əsasında özəl sığorta şirkətlərinə təklif edilir. Məsələn sığorta şirkətəri icbari sığorta xidməti göstərirsə mütləq İSB-nın üzvü olmalı, hər bir icbari sığorta məhsulu ilə bağlı lisenziya əldə etməlidir”.
Ekspert bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi çox böyük mübahisə doğurur.
“Bəzi mütəxəssislərə görə, bu proses normal qaydada gedir, bəzi mütəxəssislər bunun əksini düşünərək prosesin çox ləng getdiyini bildirir. Dünyanın ən inkişaf etmiş ölkələri Avropa və Amerikada bu növ tibbi sığortadan istifadə edirlər. İcbari tibbi sığorta 2021-ci ilin aprelin 1-dən bütün ölkə boyu tətbiq ediliməyə başlayıb. Ölkəmiz üçün yeni olsa da hesab edirəm ki, gələcəkdə bu daha yaxşı formalara gəlib çıxacaq. Məsələn, həkimlərə veriləcək bonus sistemi mübahisəli məsələdir. Nəticədə təhsil ocağını dövlətin verdiyi diplomlarla bitirən şəxslərin bir hissəsi çox, digər hissəsi isə az məvacib qazanacaq. Bu da öz-özlüyündə suallar doğurur. Nə üçün onlara əmək haqqı verirdilər və indi də ayrıseçkilik edirlər? Tibbdə vahid protokol anlayışları olmalıdır ki, biz bu məsələlərlə daha yaxşı formada keyfiyyətli tibbi yardıma çata bilərik. Ümumiyyətlə, icbari tibbi sığorta maliyyələşmə mənbəyidir”.
Xatırladaq ki, Azərbaycanda icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.
Gülnar Səlimova