Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb. Vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Bunu Ednews-a açıqlamasında Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu deyib.
Onun sözlərinə görə, ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.
“Əvvəllər bu məlumatlar ambulator tibbi kitabçalarında toplanırdı. Vətəndaş müraciət edirdi qeydiyyatda olmadığı poliknikaya müraciət edərkən, çox uzun prosesdən keçirdi. Əvvəllər məlumatların toplanması, kitabçanın açılmasına ehtiyac var idi. Həmin xəstə haqqında həkimlər əvvəlki tibbi məlumatları əldə edə bilmirdilər. Bu da böyük vaxt itkisi idi. Hazırda, isə tək şəxsiyyət vəsiqəsi ilə istənilən vətəndaş istənilən poliklinikaya yaxınlaşıb ümumi məlumatları ala bilər. Rayonlarda isə bu prosesin tez olacağı hələ gözlənilmir. Çünki uzun və çətin prosesdir. Amma tez olması üçün əlimizdən gələni edirik”.
Həmçinin, o, qeyd edib ki, prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb.
“Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək”.
Oğuz Ayvaz