Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub.
Eurasia Diary xəbər verir ki, burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.
Bu suala doğru cavab vermək üçün 19 yaşlı iştirakçı İstiqlal Marşını dəfələrlə əzbərdən söyləyib və doğru cavabı tapıb. 1 milyon türk lirəsini qazanan gənc sevinc göz yaşlarına boğulub.
Yarışmadan sonra qazandığı pulları nə edəcəyi ilə bağlı suala cavab verən 19 yaşlı gənc deyib ki, daha çox oxuyacaq: “Bu günə qədər etdiyim və etmək istədiklərim var. Bu pullar onların sürətlənməsinə köməklik edəcək. Daha çox kitab oxuyacağam, bəzi kitabları özüm çap etdirəcəyəm. Bacardığım qədər dil öyrənəcəyəm və ömrümün sonuna qədər oxuyacağam. Bəlkə də tələbə olaraq öləcəyəm”.
Qeyd edək ki, İstiqlal Marşının sözləri Məhməd Akif Ərsoya, musiqisi isə Osman Zəki Üngörə məxsusdur.(minval.info)