Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar: - Əfsanəvi kəşfiyyatçı Rixard Zorge | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar: - Əfsanəvi kəşfiyyatçı Rixard Zorge

Maraqlı A- A A+

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adı ilə bağlı olan digər yer İkebukuro rayonudur. Məşhur kəşfiyyatçı ömrünün son üç ilini vaxtilə məhz bu rayonda yerləşmiş Suqamo həbsxanasında keçirmişdi.

R.Zorge ən yüksək cəzaya hazır olduğunu dəfələrlə bildirmiş, verilən işgəncələrə baxmayaraq, nə öz məlumat mənbələrinin, nə də sevimli qadınların adını çəkməmiş, ömrünü ölüm kamerasında başa vurmuşdu.

Yaponiya paytaxtının ən görməli yerlərindən biri olan İkebukuro rayonu hazırda əcnəbi turistləri burada yerləşən 60 mərtəbəli “Sunshine City” göydələni ilə cəlb edir. 2018-ci ildə bu 240 metr hündürlüyündə bina özünün 40 illik yubileyini qeyd edib. Buraya dəstə-dəstə gələn turistlərin sayı hər il dayanmadan artır.

Metronun “İkebukuro” stansiyası tərəfdən gələndə həmin göydələnin arxasında sıx yaşıllıqlarla əhatələnmiş parkı görmək olar. Buraya yaxınlıqdakı ticarət məhəlləsinin səs-küyü demək olar ki, gəlib çatmır. Ətrafdakı ofislərdə çalışan əməkdaşlar böyük məmnuniyyətlə buraya nahara gəlirlər.

Müharibəyə qədər “Sunshine City” göydələninin yerində müxtəlif cinayətlərdə şübhəli bilinənlərin saxlanıldığı Suqamo həbsxanası yerləşib. Onların arasında həm siyasi cinayətkarlar, həm də ictimai sabitlik haqqında qanunu pozanlar vardı. Barəsində ölüm hökmü çıxarılan şəxslərin kameraları, o cümlədən R.Zorge və onun informatoru olmuş Hotsumi Ozakinin saxlandığı kameralar həmin həbsxananın şimal-qərbində yerləşirdi. Müharibədən sonra bu həbsxana ABŞ qoşunlarının nəzarətinə keçmiş və burada hərbi cinayətkarlar saxlandığına görə çox məşhurlaşmışdı. Burada Yaponiyanın keçmiş Baş naziri olmuş Tozyo Hideki də daxil olmaqla A sinfindən olan yeddi hərbi cinayətkar edam olunmuşdu. Yaponiyada hazırkı dövrdə çox az adam Hiqaşi-İkebukuro parkının məhz ölüm hökmünün icra edildiyi ərazidə yerləşdiyini xatırlayır.

Qeyd etdiyim kimi, R.Zorge ömrünün son üç ilini məhz bu həbsxanadakı birnəfərlik, dar kamerada keçirmişdi. Əfsanəvi kəşfiyyatçı əvvəlcə kəşfiyyat fəaliyyəti barədə hər şeyi inkar etsə də, təqdim edilən dəlillərdən, xüsusən Sovet İttifaqına məlumatların göndərilməsi üçün istifadə edilə radioötürücüdən sonra casus qrupu üzvlərinin artıq həbs edildiklərini və onların ifadələr verməyə başladıqlarını anlayır. Qrup üzvlərinə verilən işgəncələri isə R.Zorge öz təcrübəsində çox yaxşı bilirdi.

R.Zorge məhz həbsi ərəfəsində Kremlə Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi barədə təcili teleqram da göndərmişdi. Bununla öz missiyasının başa çatması qənaətinə gələn qəhrəman kəşfiyyatçı həbs edildikdən sonra onu nə gözlədiyini çox yaxşı anlayırdı. Buna görə də məxfi polisdən və siyasi işlər üzrə müstəntiqdən istintaqın gedişini sürətləndirməyi və tezliklə qərar çıxarılmasını xahiş etmişdi. Bununla o, Yaponiya militarizminə qarşı çıxan agentura şəbəkəsinin üzvlərini öz həyatı bahasına xilas etməyə çalışırdı. Onun bu niyyəti Tokio rayon məhkəməsində keçirilən ilk dinləmələrdə də hiss olunmuşdu. “Mən istənilən cəzaya hazıram, lakin yaponları xilas etməyinizi xahiş edirəm”, -deyə R.Zorge elə ilk dinləmədə bəyan etmişdi. Bununla yanaşı, XX əsrin əfsanəvi kəşfiyyatçısının xilas etməyə çalışdığı daha bir qrup insan var idi. Buraya İ.Hanako da daxil olmaqla onu sevən qadınlar daxil idi. R.Zorge ilə hakimiyyət orqanları arasında elan edilməmiş razılaşma mövcud idi – istintaqa hər cür yardım əvəzində onun sevimli qadınlarına toxunulmayacaqdı. Həqiqətən Yaponiyanın hakimiyyət orqanları nə İ.Hanako, nə də digər qadınlar barədə cinayət işi qaldırmadılar. Onları istintaqa cəlb etsələr də, məxfi polisin izləmələrindən xilas olmaq mümkün oldu.

Qeyd etdiyim kimi, həbsxanada olarkən qəhrəman kəşfiyyatçı “Rixard Zorgenin türmə qeydləri” adlı gündəlik tərtib etmişdi. Bu zaman o, əl-üz yuyanın qapağından masa, unitazdan isə oturacaq kimi istifadə edirdi. Həmin gündəlikdə o, Yaponiya siyasətinin tam mərkəzindən daxil olan gizli informasiyaların əldə edilməsinə yönələn kəşfiyyat fəaliyyətini təsvir etmişdi. Kəşfiyyat qrupunun rəhbəri kimi bütün günahı öz üzərinə götürən R.Zorge, məsələn, İ.Hanakonun informatorlarla əlaqəsi barədə bir kəlmə belə işlətməmişdi. Müstəntiqlərlə əldə etdiyi razılaşmaya əsasən verdiyi informasiyalar müqabilində o, sevgililərinə barmaqla belə toxunulmayacağı vədini almışdı. Bu, onun mübarizəsinin kulminasiya nöqtəsi idi.

İ.Hanako “Zorge bir insan kimi” kitabında əfsanəvi kəşfiyyatçının həbs olunmaqdan bir neçə həftə əvvəl dediyi sözləri xatırlayır: “Mən səni heç vaxt satmaram. Qorxma! Zorge çox güclü kişidir”. İ.Hanako yazır ki, yalnız onun ölümündən bir çox il keçəndən sonra o, R.Zorgenin nə demək istədiyini anlamışdı.

R.Zorgenin kəşfiyyat qrupunun fəaliyyətini araşdıran yapon müəlliflər qeyd edirlər ki, Yaponiya ictimaiyyəti casus qalmaqalı ilə bağlı yalnız R.Zorgenin həbsindən yeddi ay sonra, 1942-ci ilin mayında xəbər tutmuşdu. Həmin vaxt Yaponiya artıq Sakit okeanda müharibəyə başlamışdı. Yaponiya Ədliyyə Nazirliyi müharibə dövründə bu hadisəni kəşfiyyat qrupunun ünvanına kəskin tənqidlə qeyd edirdi: “H.Ozakinin və digər solçu qüvvələrin öz inamlarından imtina edərək vətənə xəyanət etməsi faktı əsil nifrətə layiqdir”. Bununla da R.Zorgenin qrupunun üzvləri vətən xaini hesab olunmağa başlanmışdı. Milli Təhlükəsizlik haqqında və İctimai Asayiş haqqında qanunları pozmaqda ittiham olunan R.Zorge, H.Ozaki və onların silahdaşları üzərində qapalı dinləmələrə 1943-cü ilin mayında müxtəlif məhkəmələrdə başlandı. Onları həbsxanadan məhkəmələrin iclas zallarına apararkən üzlərini samandan hazırlanmış böyük şlyapalarla örtürdülər. 1943-cü ilin sentyabrında R.Zorge və H.Ozaki barəsində ölüm hökmü çıxarıldı. Ali Məhkəməyə ünvanlanan apelyasiya şikayəti rədd edildikdən sonra bu hökm qəti xarakteri aldı.

Həmin vaxt H.Ozaki həbsxana gündəliyində yazırdı: “Ali məhkəmənin hakimi istəyir ki, mən xalq qarşısında şəxsi həyatımla üzr istəyim”.

Qeyd etdiyim kimi, R.Zorgenin istintaq zamanı göstərdiyi mətanət və cəsarət yapon müstəntiqləri belə heyran qoymuşdu. Məşhur kəşfiyyatçının nümayiş etdirdiyi möhkəmliyin onu da ruhlandırdığını vurğulayan H.Ozaki “Məhəbbət – sönməkdə olan ulduzdur” kitabında yazırdı: “Məni R.Zorge ilə müqayisə edən vəkil çox qəti şəkildə bildirdi ki, “Zorge öz dözümlülüyü ilə hamını heyran qoymuşdu”. Sözsüz ki, Zorge çox az təsadüf edilən möhkəmliyə malik insan idi. Lakin göstərməyə çalışdım ki, mənim də kifayət qədər barıtım var”.

R.Zorgenin Moskva üçün ötürdüyü məlumatların əhəmiyyətinə baxmayaraq, Sovet İttifaqının rəhbərliyi bu adda kəşfiyyatçının olduğunu təsdiq etmək niyyətində deyildi. Yaponlar isə əllərində olan bu imkandan istifadə edərək onu sovet zindanlarında saxlanılan öz kəşfiyyatçıları ilə dəyişməyə çalışırdılar. Yaponiya rəhbərliyi tərəfindən son belə cəhd Oktyabr inqilabının növbəti ildönümünə həsr olunan və Tokiodakı sovet səfirliyində təşkil edilən rəsmi qəbulda göstərilmişdi. Lakin həmin vaxt da sovet rəhbərliyi belə bir şəxsi tanımadığını israrla bildirmişdi. Bunun cavabında 1944-cü il noyabrın 7-də, Oktyabr inqilabının ildönümü günündə R.Zorge və H.Ozaki asılmaqla edam edildilər. Həm R.Zorge, həm də H.Ozaki ölümü çox sakit və böyük mərdliklə qarşılamışdılar. Deyilənə görə, kəndir dartılmazdan əvvəl, R.Zorge üç dəfə “Sovet İttifaqı, Qızıl Ordu və Kommunist Partiyası” sözlərini təkrarlamışdı. Ölüm hökmünün icrası zamanı orda olan prokuror müharibədən sonra demişdi ki, o özü qəsdən bu hökmün noyabrın 7-də icra edilməsi barədə göstəriş vermişdi. Bununla o, ləyaqətli düşmənə öz hörmətini ifadə etmişdi.

Edamdan bir gün sonra H.Ozakinin meyiti onun ailəsinə təhvil verildi. Kremasiyadan sonra axşam onun qalıqları öz evinə aparıldı. Lakin R.Zorgenin cəsədi heç kimə verilmədi. Belə ki, ölüm hökmünün icrası heç yerdə elan edilmədiyinə görə, İ.Hanako bu barədə eşitməmişdi. Alman səfirliyi meyiti götürməkdən imtina etmişdi. Uğrunda həyatını qurban verdiyi Sovet İttifaqı isə böyük kəşfiyyatçı barəsində susmağa üstünlük vermişdi. Bir çoxları bunu Yaponiya ilə Sovet İttifaqı arasında neytral mövqe haqqında müqavilə ilə izah edirlər. R.Zorge çox kədərli bir sonluqla qarşılaşdı – Vətən onu unutdu.

Həbsxananın qaydalarına uyğun olaraq, əfsanəvi kəşfiyyatçının cəsədi yaxınlıqdakı Coşiqaya qəbiristanlığında dəfn olundu. Tokio bombardmana məruz qaldığı dövrdə isə onun qəbri üzərindəki lövhə itdi. R.Zorge həmin qəbirdə hamı tərəfindən unudularaq tənha qaldı.

Hazırda Hiqaşi-İkebukuro parkında hərbi cinayətkarlar üçün daşdan bir abidə qoyulub. Onun üzərində yazılıb: “Əbədi sülh duası ilə”. Bu abidə Suqamo həbsxanasında edam edilənlərin xatirəsinə həsr olunub. Əvvəllər bu yer Nişi-Suqamo adlanırdı, lakin 1966-cı ildə poçt-ünvan sistemi haqqında Qanun qəbul edildikdən sonra həmin ərazi Hiqaşi-İkebukuro adlanmağa başladı.

Kosuqi rayonuna köçürülən həbsxananın yerində isə 1978-ci ildə “Sunshine City” kompleksi istifadəyə verildi. Yeni ad və yeni bina bu yerlərdə öz ölümünü qarşılamış əfsanəvi kəşfiyyatçının xatirəsinin zaman keçdikcə unudulmasına səbəb oldu.

Hazırda Tokioda həmin yeri tapmaq çox da çətin deyil, metronun “Hiqaşi-İkebukuro” və ya “İkebukuro” stansiyaları demək olar ki, bu binadan bərabər məsafədə yerləşir.

Əgər həmin yeri ziyarət etmək istəsəniz Yurakuçyo xəttinin “Hiqaşi-İkebukuro” stansiyasının 2 nömrəli çıxışından (5 dəqiqəlik məsafə) və ya “İkebukuro” stansiyasının 35 nömrəli çıxışından (15 dəqiqəlik məsafə) istifadə edərək Hiqaşi-İkebukuro parkına gedə bilərsiniz. İkebukuro parkına gedən yol “Sunshinе City” kompleksinin yanından keçir.

“Sunshinе City” kompleksindən daş abidəyə isə cəmi bir dəqiqəlik yol var. Burada bir maraqlı cəhət isə həmin kompleksin tamamilə həbsxananın binasının tutduğu ərazidə və formada tikilməsidir.

Parkdan R.Zorgenin birinci dəfə dəfn edildiyi Coşiqaya qəbiristanlığına qədər isə piyada 20 dəqiqəyə çatmaq olar.

Həmin qəbiristanlıqda yazıçılar Natsume Soseki və Naqai Kafunun, həmçinin sabiq Baş nazir Tocyo Hidekinin qəbirləri yerləşir.

Hazırda R.Zorgenin qəbri Tama şəhər qəbiristanlığındadır. Əfsanəvi kəşfiyyatçının bu sakitcə uyuduğu yer barədə isə məqalənin son hissəsində danışacağıq. Onun Coşiqaya qəbiristanlığındakı qəbir yerinin isə bu gün heç izi də qalmayıb.

(ardı var)

AZƏRTAC

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...