İtaliyanın Milan şəhərində qarpız satan marketlərin birində “Xahiş edirik qarpızlara çırtma vurmayın, onlar sizə cavab verə bilməzlər” yazılı xəbərdarlıq lövhəsi qoyulub. Bu hal Milandan minlərlə kilometr uzaqlıqda yerləşən Çinin soial mediasında əks-səda doğurub.
"Eurasia Diary" xəbər verir ki, Çinin məşhur mikrobloq saytı olan “Sina Weibo”da bir istifadəçi tərəfindən paylaşılan şəkil mübahisə yaradıb. Çinlilər lövhənin İtaliyada olduğuna və italyanca yazıldığına baxmayaraq xəbərdarlığı öz üzərlərinə götürüblər. Onlarla çinli buna cavab olaraq qarpıza taqqıldadarkən çəkilmiş şəkillərini paylaşıb.
Bəs yaxşı qarpızı necə seçməli?
Dünyanın bir çox ölkəsində qarpızı taqqıldadaraq seçmək ənənə halını alıb. Hətta bir universitet tələbəsi qarpızı seçmək üçün proqram yaradıb. Belə ki, telefonu qarpıza tutursan və telefon səsi qeyd edir, səsdən qarpızın yaxşı olub-olmadığı bildirilir.
Mütəxəssislər yaxşı qarpızı necə seçməklə bağlı müxtəlif təkliflər veriblər. El arasında qarpıza çırtma vuraraq seçmək üsulunu heç də hamı tam qavraya bilmir. Belə ki, qarpıza çırtma vurub yoxlayırıq, əgər ondan səs çıxmırsa, deməli, bu qarpızın içi düşüb, onu almaq olmaz. Bundan başqa da seçmək üsulları var:
- Qarpızı əlinizə alıb ağırlığını yoxlayın. Qarpız yüngül olmamalıdır. Qarpız ağırdısa deməli yaxşı seçim etmisiniz.
- Əlinizi qarpıza basın. Qarpız apardığınız təzyiqə müqavimət göstərirsə, yəni əl içinə girmirsə, deməli yaxşıdır.
- Qarpızın rənginə baxın. Bir ucu sarı qarpız yeyilməyə hazırdır.
- Əgər qarpızın saplağı yaşıldırsa, deməli, təzədir. Qarpızın zolaqları sarımtıl və qəhvəyi rəngdədirsə, deməli, onun içi yaxşı deyil, yemək təhlükəli ola bilər.
Mütəxəssislər qarpız həvəskarlarına qarpızı kəsən kimi yeməyi məsləhət görürlər. Belə ki, qarpızı kəsib soyuducuda 3-4 saat saxladıqdan sonra yemək zəhərlənmə üçün zəmin yaradır. Gündüz vaxtı heç bir qorxu olmasa da, axşam yaşlı adamın qarpız yeməsi qan təzyiqinin anidən qalxmasına səbəb olur. Araşdırmalara görə, qarpızdan ən çox yaşlı adamlar və uşaqlar zəhərlənir. Ona görə də, qarpızı kəsəndən sonra da saxlanma şəraitinə fikir vermək lazıımdır. Günün altında qalan kəsilmiş qarpızı istifadə etmək məsləhət görülmür. Qarpız, eləcə də digər meyvə və tərəvəzlər sağlamlığa müsbət təsir etmək üçün kəsilən kimi yeyilməlidir.
Vüsalə Əlövsətqızı