Keçdiyimiz gün dahi Leonardo Da Vinçinin “Mona Lisa” əsəri yenidən hücuma məruz qalıb.
Ednews xəbər verir ki, bəzilərinə görə dünyanın ən məşhur rəsm əsəri sayılan tablonun inşasından 513 və ya 516 il keçdiyi təxmin edilir. Yarandığı gündən onun gülümsədiyi, yoxsa kədərləndiyi müzakirə mövzusu olub. Əsər İtaliyada hazırlanıb, lakin dünyanın ən məşhur muzeylərindən biri olan Parisdəki Luvrda sərgilənir.
Leonardo Da Vinçinin bu ecazkar əsərinin modelinin zadəgan Françesko del Cokondonun həyat yoldaşı Liza Gerardini olduğunu söyləyənlər də az deyil. Rəsm Fransa kralı I Fransisk tərəfindən satın alındıqdan sonra onun vətəni Fransa olub. 1962-ci ildə 100 milyon dollara sığortalanan bu əsər (inflyasiya yeniləmələri ilə qiymət bu gün 800 milyon dollardan çoxdur) bir sənət əsəri üçün indiyə qədər ödənilən ən yüksək sığorta məbləğinə malikdir.
Ötən gün “Mona Lisa”ya qaymaqlı tort atan 36 yaşlı kişi bunu ətraf mühitə diqqəti artırmaq məqsədilə edib. Fəalın muzeyin içərisinə qızılgül atdığı da görüntülənib. O özünü əlil arabasındakı yaşlı qadın qiyafəsində göstərib. “Mona Lisa”nın üzərindəki gülləkeçirməz şüşə əsəri zədələnmədən xilas edib.
Qeyd edək ki, “Mona Lisa” öz şöhrətinə layiq bir çox hadisələr yaşayıb. Rəsm 1911-ci ildə oğurlanıb. İş o yerə çatıb ki, bu oğurluqdan sonra hətta digər bir daha rəssam Pablo Pikasso da şübhəli şəxs qismində həbs edilib. İki il sonra isə bir Florensiyalı kolleksiyaçı polisə məlumat verib ki, bir adam tablonu ona satmağa çalışıb.
Səlahiyyətlilər tezliklə rəsmin Luvrda qısa müddət işləmiş Vinçenso Peruggia adlı şəxsdə olduğunu aşkar ediblər. Peruggia həbs edilərək həbsxanaya göndərilib, “Mona Lisa” isə tapıldıqdan sonra İtaliyada qısa bir tur edərək Luvr muzeyinə qaytarılıb.
İkinci Dünya Müharibəsi illərində nasistlərin Fransanın şimalını və paytaxt Parisi böyük sürətlə işğal etdiyinə görə “Mona Lisa” fransızlar tərəfindən muzeydən qaçırılıb. Müharibənin sonunda əsər aid olduğu yerdə asılıb.
1956-cı ildə bir neçə hücumdan sonra tablonun üzərindəki qoruyucu şüşə güllə keçirməz şüşə ilə əvəz olunub. Elə həmin il boliviyalı Uqo Unqaza Villeqas tabloya daş atıb. Eyni ildə başqa bir turist portretə turşu atıb. 1976-cı ildə rəsm Tokio Milli Muzeyində nümayiş etdirilən zaman qırmızı boya ilə örtülüb. 2009-cu ildə rəsmə keramik fincan atılıb.
Mirvari Əzizova