Avstraliya sahillərində dünyanın ən böyük bitkisi aşkar edilib.
Ednews xəbər verir ki, dəniz otunun Manhettendən təxminən üç dəfə böyük olduğu qeyd edilib. Alimlər genetik testlərdən istifadə edərək Qərbi Avstraliyada böyük bir sualtı çəmənliyin əslində bir bitki olduğunu müəyyən ediblər. Bitkinin ən azı 4500 il ərzində bir toxumdan yayıldığı güman edilir.
Qərbi Avstraliya Universitetinin tədqiqatçıları dəniz otunun təxminən 200 kv.km ərazini əhatə etdiyini bildirib. Komanda bitki ilə “Shark” körfəzində təsadüfən rastlaşıb. Onlar Avstraliyanın sahillərində çox rast gəlinən, lent alaq otu kimi də tanınan növlərin genetik müxtəlifliyini araşdırmaq üçün yola çıxmışdılar. Tədqiqatçılar körfəzin hər tərəfindən tumurcuqları toplayaraq hər bir nümunədən "barmaq izi" yaratmaq üçün 18.000 genetik nümunəni araşdırıblar. Onlar çəmənliyin neçə bitkidən ibarət olduğunu kəşf etməyi hədəfləmişdilər:
"Cavab bizi çox təəccübləndirdi – cavab “yalnız bir” idi!", - araşdırmanın aparıcı müəllifi Ceyn Eclo deyib.
Bitki həm də dözümlülüyü ilə diqqətəlayiqdir, tez-tez dəyişən şərtlərdə körfəz yerlərdə böyüyür.
"Görünür, bu, həqiqətən də davamlıdır, geniş temperatur və şoranlıq diapazonu və həddindən artıq yüksək işıq şəraitində böyüyür. Bunlar birlikdə adətən əksər bitkilər üçün çox stresli olur", - deyə tədqiqatçılardan biri olan Dr. Elizabet Sinkler deyib.
Qeyd edək ki, bu növlər ildə 35 sm-ə qədər böyüyür. Tədqiqatçılar onun indiki ölçüsünə çatmasının 4500 il çəkdiyini belə hesab ediblər. Araşdırma “Proceedings of the Royal Society B” jurnalında dərc olunub.
Mirvari Əzizova