Rəsulzadənin zirzəmidə günəşə həsrət qalan Böyük Eşqinin dostları - "Yazıq qadın səfalət içində öldü" | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


Rəsulzadənin zirzəmidə günəşə həsrət qalan Böyük Eşqinin dostları - "Yazıq qadın səfalət içində öldü"

Müsahibələr A- A A+

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni böyük məhəbbətlə sevən həyat yoldaşı, polyak əsilli Vanda (Leyla) Rəsulzadənin Ankaradakı qonşuları, ailə dostları xatirələrindən  danışıblar.

Bülent Danışoğlu – İqtisadçı. Uzun illər Dövlət Planlama İdarəsində çalışıb.  Hazırda təqaüdə çıxıb. İnternet qəzetində iqtisadi mövzuda məqalələri yayımlanır.  Ankarada yaşayır.

-Niyə illər sonra məhz Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı polyak əsilli Leyla xanım (Vanda) haqqında məqalə yazmaq qərarına gəldiniz?

Bu bir sifariş idi? (2004-cü ildə)

-Leyla xanım çox diqqət çəkən bir insandı, qəribə hadisələr yaşamışdı. Onunla həmişə söhbət edərdik. Mən o vaxtlar çox gənc idim. Leyla xanımla danışdıqlarımızı bir dəftərə qeyd edərdim. Düşünürdüm ki, gələcəkdə bu mövzuda gözəl bir roman yazım. Amma çox təəssüflər olsun ki, qeydlərimin olmasına baxmayaraq roman yaza bilmədim.

Dostlarım dedilər ki, roman yaza bilmirsənsə heç olmasa gördüklərini, qeydlərini qələmə al. 2006-cı ildə Türkiyədə mənim tarixçi dostlarım tərəfindən nəşr olunan bir jurnalda həmin qeydlərimi bir məqalə, araşdırma kimi yayımladım.

-Leyla xanımı (Vanda) ilk dəfə nə vaxt gördünüz? Onu necə xatırlayırsınız?

-Leyla xanımı həmişə küçədə (sokakda) görərdik. Həmin vaxt Ankara çox da böyük deyildi. Nəqliyyat da sıx deyildi. İnsanlar küçələrdə azad şəkildə gəzirdilər. Leyla xanım da iti ilə birlikdə gəzməyə çıxardı. O vaxtlar da Leyla xanım çox yaşlı idi. Bəlkə də mən çox gənc idim və buna görə də o gözümə yaşlı görünərdi. 1970-ci illərin əvvəllərindən danışıram. Çox incə bir xanım idi. Elə bil toxunsan qırılacaq kimi idi. Məhəllədə çalışan hər kəs onu çox sevərdi. Leyla xanıma “madam” deyə müraciət edərdilər.

Ankarada “Küçük Esat” deyilən bir yer var. Bəlkə də eşidibsiniz. Mərkəzdə yerləşir. Leyla xanımı həmişə orda görərdim. Daha sonralar isə Leyla xanımın özü bizə gəldi.  Çox şirin-məzəli söhbətləri vardı. Leyla xanımla anam Maral yaxın rəfiqə idilər. Biz ailəliklə Leyla xanımla söhbət etməyi sevirdik. Bizə gələndə qardaşım Şinası ilə, mənimlə gözəl ünsiyyət qururdu.  Hətta Leyla xanımın atamla da yaxşı münasibəti vardı.

Həmin vaxtlar şəxsən mən Məhəmməd Əmin Rəsulzadəni heç tanımırdım. Onun varlığı haqqında bizə ilk məlumatı da Leyla xanım özü dedi.

Çox yaxşı yadımdadır ki, bir dəfə Leyla xanımın evinə getmişdim. Anam isə həmişə gedərdi. Leyla xanım köhnə binanın zirzəmisində yaşayırdı. Həddən artıq yoxsul idi. Onun evinə heç vaxt günəş şüaları düşmürdü. Rütubətli-nəmli bir zirzəmi idi. Bizim evə gəldiyi zaman həmişə günəşlənərdi. Çünki bizim evə günəş şüaları düşərdi.

Mən isə belə düşünürdüm ki, yəqin günəş görməyən evdə yaşadığı üçün bizə gələndə günəşlənir. İllər sonra Avropaya  getdiyim zaman gördüm ki, həqiqətən də Qərb insanları günəş gördükləri zaman günəşin altında dururlar. Leyla xanım da bizim evin balkonunda günəş şüalarının altında uzanardı.

Leyla xanımın çox maraqlı söhbətləri olardı. Kirayə qaldığı zirzəmidəki evin sahibindən həmişə şikayət edərdi. Çox ləyaqətli, qürurlu qadın idi. Heç kimdən yardım istəməzdi. Bəzi Azərbaycan dərnəklərinin üzvləri onun yanına gəlib-gedirdilər. Kim olduqlarını dəqiq bilmirdik. Yəqin ki, Müsavatçılardı. Amma Leyla xanım heç onlardan da yardım almazdı.

Leyla xanımın evində yalnız bir sandıq vardı. İçərisi dolu idi. Amma dəqiq nələr olduğunu bilmirdim. Yəqin ki, hamısı sənəd və şəkillər idi. Anam Maral hazırda yaşayır. 93 yaşı var. Anamla Leyla xanım çox yaxın rəfiqə idilər. Amma Leyla xanım anamdan da çox yaşlı idi. Leyla xanım bir gün anamın yanında həmin sandığı açıb və gənclik illərinin şəkillərini ona göstərib. Anam deyir ki, Leyla gənclik illərində də çox gözəl bir qadın olub. Leyla xanım vəfat etdiyi zaman gəlib o sandığı, evdə olan bütün sənədləri, rəsimləri götürüblər. Bilmirəm ki, onların aqibəti necə oldu. Guya ki, indi heç kəsdə yoxdur.

O vaxtlar Leyla xanımla bağlı məqalə yazan zaman düşünmüşdüm ki, azərbaycanlıların əksər hissəsi Leyla xanımın varlığından narahatdılar və onun adını belə çəkmək istəmirlər. Düşündüm ki, xristian və ya polyak olduğu üçün Leyla xanımı qəbul etmək istəmirlər. Bəlkə də Leyla xanımı M.Ə.Rəsulzadəyə yaraşdırmırlar…

Amma mən xüsusi ilə qeyd etmək istəyirəm ki, onlar bir-birinə çox yaraşıblar. Leyla xanım da düzgün bir insan idi. Düşünün ki, biz həmin vaxt 20 yaşında idik, Leyla xanım isə ən az 70 yaşında idi. Amma mən də, qardaşım da Leyla xanımla danışmaqdan zövq alırdıq. Çünki onun ağlı, zəkası yüksək səviyyədə idi.

-Hansı dildə danışırdı?

-Türk dilində danışardıq. Tələffüzü bir az fərqlənsə də türkcəni yaxşı bilirdi.

-Leyla xanımla bağlı heç vaxt unutmadığınız bir məqam varmı?

-Təxminən 1973-cü ildə seçkilər keçirilirdi. Leyla xanıma sual verdim ki, hansı partiyaya səs verdiniz? Partiyanın adını çəkmədən dedi ki, Ecevitə səs verdim. Sual verdim ki, niyə Bülent Ecevitə səs verdiniz? Cavab verdi ki, “Ecevitin düşüncələri Emin bəyin fikirlərinə çox uyğun gəlirdi”. Bunu eşitdiyim zaman çox təəccübləndim. Çünki, o illərdə mən də Bülent Eceviti çox sevərdim. Biz onu solçu lider olaraq görərdik. B. Ecevitin milliyətçi olduğunu daha sonra öyrəndik. Həmin vaxtlar isə hiss etməmişdik. Həm solçu, həm də millətçi fikirlərə sahib imiş. Leyla xanımla bağlı həmin məqaləni yazarkən gördüm ki, M.Ə.Rəsulzadə də əvvəllər belə bir fikir sahibi olub. Sonralar Bülent Ecevitin millətçi tərəflərini gördüyümüz zaman Leyla xanımın çox düzgün vurğuladığına yenidən şahid olduq.

-Leyla xanım Azərbaycanla bağlı sizə heç danışardı?

-Heç vaxt danışmadı. Zənn edirəm ki, bu barədə məlumatsız idi. Həmişə Emin bəydən danışardı. Məhəmməd Əmin Rəsulzadədən “Emin bəy” deyə bəhs edərdi. Azərbaycanla bağlı söhbət etdiyimizi heç xatırlamıram.

-Bəlkə Emin bəy ona Azərbaycanla bağlı çox məlumat verməyib?

-Leyla xanım həyat yoldaşı ilə bərabər oturub ciddi mövzularda, siyasətlə bağlı danışmayacaq xanıma bənzəmirdi. Onların bərabər siyasi fəaliyyətləri də olub. Amma Leyla xanım bizə Azərbaycanla bağlı danışmadı. Bəlkə də mən ona bu barədə sual verməmişəm. Həmin vaxtlar Azərbaycan da müstəqil bir dövlət də deyildi.

-Leyla xanım Emin bəyin azərbaycanlı həyat yoldaşı, övladlarının olması, sürgünə göndərilmələri barədə məlumatlı idi?

-Leyla xanım Emin bəyin şəxsi həyatından danışmadı. Yəqin ki, Leyla xanım bu barədə məlumatlı olub. Amma mən heç nə bilmirdim.

Leyla xanımın “Polşanın lideri olan marşal Pilsudskinin qardaşı qızı olması” barədə məlumatları bəzi Azərbaycan xəbər saytlarından oxumuşam. Amma Leyla xanımın özü də mənə bu barədə heç nə danışmayıb. Amma müəyyən şübhələrim vardı. O illərdə Rəsulzadəni tanımadığım kimi, Pilsudskini də tanımırdım. Bəlkə də Leyla xanım danışıb amma mən başa düşməmişəm. Fəqət gördüm ki, Varşavada Universitetdə çalışan bir azərbaycanlı xanım (Ş.Kazımova) bu mövzuda araşdırma aparıb. Və həmin xanım da qeyd edib ki, Leyla xanım Pilsudskinin qardaşı qızı olmayıb. Pilsudski Polşanın Atatürkü olub. Hər kəsin hörmət etdiyi, sevdiyi bir insandı. Belə bir qohumluq olsaydı mütləq üzə çıxardı. Xüsusi ilə qeyd etmək istəyirəm ki, Leyla xanım mənə öz ailəsindən çox bəhs edib. Amma onun Pilsudskidən danışdığını xatırlamıram.

Leyla xanım deyirdi ki, ailəsi də müstəqillik qazanmaq üçün Rusiyaya qarşı çox mübarizə aparıb. Sibirə sürgün ediliblər. Bir dəfə Leyla xanımın Polşadan qohumları Ankaraya gəlmişdi. Leyla xanım bizi onlarla tanış etdi. Biz də qonaqları Ankarada gəzdirdik. Dəri paltarlar axtarırdılar. O vaxt eşidiblər ki, Türkiyədə dəri paltar satılır.

“Leyla xanım səfalət, yoxsulluq içində öldü”

-Vanda xanımın səmimiyyətinə şübhə etdiyiniz məqamlar heç oldumu?

-Leyla xanım möhtəşəm bir qadın idi. Həyat yoldaşını da çox sevərdi. Amma yazıq qadın səfalət içərisində yaşadı və öldü… Bir iti vardı. İti öldükdən sonra zirzəmiyə bir pişik də gəldi. Leyla xanım həmin pişiklə birlikdə yaşayırdı. Çox kasıb idi. Ən aşağı məbləğdə təqaüd alırdı. Əvvəllər Milli Kitabxanada çalışmışdı. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı heç vaxt qəbul etmədi.

-Siz niyə Leyla xanımın ölümündən iki gün sonra xəbər tutdunuz? Onun da düşmənləri vardı?

-Çünki biz cəmi bir neçə gün öncə həmin məhəllədən köçmüşdük. Ona görə də Leyla  xanımın vəfat etməsini həmin gün bilmədik. Bizim üçün də çox ağır oldu. Anam da bilən kimi ora getmişdi. Bəzi Azərbaycan dərnəkləri onun cənazəsini tez bir zamanda dəfn ediblər və evdə olan bütün arxivi, sənədləri özləri ilə aparıblar. Həmin şəxslərin kim olduqlarını bu gün də dəqiq bilmirik.

-Leyla xanım Emin bəylə olan sevgisindən necə bəhs edərdi?

-Leyla xanım Rəsulzadəyə heyran olmuşdu. Ondan sevgi ilə, heyranlıqla danışardı. Leyla xanım bizə həmişə deyirdi ki, Rəsulzadə ilə Polşada çox-çox böyük bir eşq yaşayıblar.

-Leyla xanım Stanlinlə Rəsulzadənin münasibətləri barədə sizə heç bəhs etdimi?

Məsələn, Rəsulzadənin Rusiyadan Finlandiyaya necə getdiyini açıqladımı?

-Leyla xanım Stalini də, çarı da heç sevmirdi. Yəni Rusiyadakı bütün quruluşları sevməzdi. Leyla xanım deyirdi ki, Emin bəy həbs olunduğu zaman bərk xəstələnib. (xəstəliyin adını indi unutmuşam) Bu zaman isə Stalin çox qorxu keçirib. Leyla xanım deyirdi ki, xalq Rəsulzadəni çox sevirdi. Xəstəxanada vəfat edən zaman heç kim onun xəstəlikdən öldüyünə inanmayacaq. Deyəcəklər ki, “Emin bəyi Stalin, dövlət öldürdü”. Buna görə xalq arasında etirazlar baş qaldıra bilər. Məhz bu səbəbdən Stalin Rəsulzadəni müalicə üçün Finlandiya (“unutmuşam və yaxud İsveçə”) göndərdi. Leyla xanımın şəxsən özü mənə bunu danışıb. Mən həmin məqaləni yazarkən oxudum ki, Stanlinlə Rəsulzadə yaxın dost olublar və s. Amma Leyla xanım Rəsulzadənin Stalinlə qədim dostluğu barədə heç vaxt bəhs etmədi. Leyla xanım Stalindən nifrətlə danışardı, onu düşmən kimi təqdim edərdi. “Emin bey ölürse Azeriler ayağa qalxar və başıma iş açarlar” kimi düşündüyü üçün Stalin onu müalicəyə göndərib.

-Bəs siz Leyla xanımın əsil adının Vanda olduğunu necə öyrəndiniz?

-Bizə adının Leyla olduğunu söyləmişdi. Onun Polşadan olduğunu bildikdən sonra bir gün sual verdim ki, sizin əsl adınız nə olub? O isə cavab verdi ki, Vanda. Hər kəs onun xarici ölkədən olduğunu bilsədə də Leyla xanım deyə müraciət edərdilər.

-Leyla xanımın birinci həyat yoldaşından övladı olmuşdu?

-Bu barədə söhbətimiz olmuşdu. Dedi ki, heç vaxt övladı olmayıb. Bacısı uşaqlarının olduğunu deyərdi.

-Leyla xanımın məzarının yerini bilirsinizmi

-Bu mənim ürəyimdə bir yaradır. Təəssüf ki, bilmirəm. Ankarada bir qəbirstanlığa getdiyim zaman xristian məzarlığının yerini soruşdum. Amma onun məzarını tapa bilmədik.

-Leyla Rəsulzadənin məzarı artıq tapılıb, bərpa da olunub…

-Buna görə çox sevindim. Nə gözəl xəbər oldu…Yazıq qadının nə yaxşı ki, bir məzarı da var, təmir də olunub…Xahiş edirəm məzarın şəkilləri varsa mənə də göndərin.

-Bayaq dediniz ki, Leyla xanımın evində olubsunuz. Sizi necə qarşıladı?

-Rəsulzadə vəfat etdikdən sonra Leyla xanım yalnız qalıb, çox yoxsullaşıb və elə bir şəraitsiz kirayə evə köçməli olub. Ev zirzəmidə, yerin içərisində idi. Yerdən bir az yuxarıda balaca pəncərəsi vardı. Oradan mənə baxıb “hu-hu” deyə səslənərdi. Mən də baxıb gülərdim. Çox gözəl, şən təbiətli bir xanım idi. Evə qətiyyən günəş şüası düşmürdü.

Demək olar ki, evin içində heç nə yox idi. Xatırlayırım ki, evdə bir sandıq vardı. Qarşısında bir stol da vardı. İçərisi çox qaranlıq idi. Emin bəy kəlməsi dilindən düşməzdi. Bütün söhbətlərində Emin bəydən danışardı. “Emin bəy belə idi, bunu sevərdi, ora gedərdi və s.”

Leyla xanım həmişə kirayə borcunu artıran ev sahibindən “çar” deyə bəhs edərdi. Tez-tez beli ağrıyardı. Bel ağrısına isə “Stalin” deyərdi. Deyirdi ki, “çar” yenə kirayənin qiymətini artırmaq istəyir. Biz də çox gülərdik. Rusları, Stalini heç sevməzdi. Bu da  yəqin ki, Polşada illərlə rus əsarətində qaldığı üçün idi.

–Leyla xanım xristian idi?

-Əlbəttə xristian idi. Həftə sonları İtalya səfirliyinin baxçasındakı katolik kilsəsinə dua etməyə gedərdi. Amma dindar bir qadın deyildi. Hətta bir dəfə özü dedi ki, həftə sonları kilsəyə gedirəm.

-Mənim anam da, atam da Leyla xanıma heyrandılar. Leyla xanım bizə gəldiyi zaman çox sevinərdik, bir masaya oturub yemək də yeyərdik. Türkiyə, Ankaranı çox sevərdi. Həmişə deyirdi ki, Türkiyə günəşli bir ölkədir.

-1950-ci illlərdə Türkiyədə Tevfik İleri adlı bir təhsil naziri vardı. O, Leyla xanıma çox hörmət etmişdi. Leyla xanımı Milli Kitabxanada işlə təmin etmişdi. Həmişə ondan bəhs edərdi. Rəsulzadə ilə Leyla xanımın İsveçrədən Türkiyəyə gəlmələrinə kömək edən səfir Yakup Kadri Karaosmanoğlunu həmişə yad edərdi, xoş sözlər söylərdi.

-Leyla xanım Emin bəyin vəfatından danışdımı? Söylədimi ki, M.Ə.Rəsulzadə vəfat edən zaman 3 dəfə Azərbaycan deyib?

-Mən inanmıram. Bu sadəcə azərbaycanlılarla bağlı deyil. Dünyanın hər yerində olan insanlar üçün deyə bilərəm ki, bu düzgün deyil. İnsan orada vəfat edir. Sonradan gələnlər özlərindən bir şeir uydururlar. Nə Atatürk, nə də Rəsulzadə və başqaları haqqında bu cür hekayələrə qətiyyən inanmıram. O, belə hekayələr olmasa da böyük bir şəxsiyyətdir.

-Leyla xanım Polşaya qayıtmağı düşünmürdü?

-Bir dəfə Polşaya getmişdi. Təxminə 3 ay orada qaldı. Sonra qayıdıb gəldi. Çox xoşbəxt olmuşdu. Deyirdi ki, həftə sonları Varşavada bir parkda yalnız oturub Şopenin musiqilərini dinləyirmiş. Həmin park Şopenin evinin önündə idi. Deyirdi ki, evin içərisindən piano səsləri gəlirdi. Elə bil Şopen özü canlı ifa edirdi. Həmin vaxt özünü çox yaxşı hiss ediyini mənə söyləmişdi.

İllər sonra mənim həyat yoldaşım da bir iclas üçün Varşavaya getdi. Gələndə dedi ki, mən də parkda Şopen musiqiləri dinlədim. Yəni Leyla xanımın söylədikləri hələ də Varşavada davam edir.

Bəzən mən ona zarafatla “Vanda” deyə müraciət edərdim. O, isə gülərək Leyla deyərdi. Özü şəxsən mənə dedi ki, Emin bəy ona “Leyli və Məcnun” poemasını danışıb. Və onu “Leyla” deyə çağırıb. Bundan sonra Vanda Leyla olub. Evində olan sandıqda Rəsulzadənin şəkillərini də illərlə qoruyub saxlamışdı.

-M.Ə.Rəsulzadənin xanımından yazdıqdan sonra Azərbaycandan kimsə sizinlə əlaqə saxladımı?

-Azərbaycandan kimsə mənimlə maraqlanmadı. Amma fikirlərimdən çox faydalandılar, bəziləri öz adlarına çıxmağa çalışdılar. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Həmin məqalə də yazmışam ki, “bir gün Leyla xanımla küçədə qarşılaşdıq. Əynimdəki “parka”nı görən Leyla xanım dedi ki, o vaxt biz də “mujik kaskası” qoyardıq. Bu söhbətimizi yazımda qeyd etmişdim. Mən “parka” deyə yazmışdım. Bilmirəm ki, bu söz Azərbaycan dilində necə tərcümə olunur. Bu əsgərlərin formanın üzərindən geyindikləri bir jaketdir. Azərbaycanda bəziləri bunu “kürk” deyə tərcümə etmişlər. “Kürk” bizdə heyvan dərsindən hazırlanmış qalın paltara deyilir. Yanlış tərcümə ediblər. “Parka” əsgərlərin formanın üzərinə geyindikləri yüngül jaketdir. O zamanlar solçu gənclər əyinlərinə “parka” geyinərdilər. Mən də o vaxtların solçu gənclərindən idim. Leyla xanımgil isə inqilabçı olublar.

Leyla (Vanda) Rəsulzadənin qonşusu, ailə dostu jurnalist Şinasi Danışoğlu da fikirlərini HafizTimes.com-la bölüşüb:

-Leyla xanımı ilk tanıdığımda mən uşaq idim. Əslində Leyla xanımdan öncə onun itini tanıdım. Ağ rəngdə gözəl bir iti vardı. Evi zirzəmidə yerləşirdi. Çox kasıb idi. Əslində Türkiyə dövləti ona iş təklif etmişdi. Dövlət idarələrindən birində rus dilinin tədrisi ilə bağlı ona iş təklif olunmuşdu. Bunu xatırlayıram. O isə polyak idi. Ölkəsinin Stalin zamanında Rusiya tərəfindən işğal edilməsinə görə  rus dilinə qarşı sərt münasibət bəsləyirdi. O, rus dilini tədris etməyi rədd etmişdi. Əslində o, yüksək məbləğdə maaşdan da imtina etmişdi. Milli Kitabxanada daha az maaşla işləməyə üstünlük verdi.

Yaxşı xatırlayıram ki, o tez-tez bizim evə qonaq gəlirdi. Bizim evin balkonunda günəşlənirdi. Biz də onu yalnız qoyurduq. Dərindən nəfəs alırdı, hava qəbul edirdi.

Rusiyaya düşmən olduğu üçün Sovetlərin də əleyhinə idi. Fəqət illər sonra onun Polşadan bacısı uşaqları Ankaraya gəldilər. Və onu da Polşaya apardılar. Polşadan qayıtdıqdan sonra onun sosializmlə bağlı düşüncələrinin dəyişdiyinə şahid oldum. Oranı Sovet İttifaqı kimi görmürdü, Rusiya kimi qəbul edirdi. Və ölkəsini də Rusiyanın işğal etdiyini düşünürdü. Buna görə də ruslardan, Rusiyadan xoşu gəlmirdi. Rusiya ilə bağlı kəskin münasibəti heç vaxt dəyişmədi. Amma sosializmlə bağlı düşüncəsi yaxşı tərəfə dəyişmişdi. Bunu xatırlayıram. Varşavada bir müddət qalmışdı və oradakı sistemi bəyəmişdi. Deyirdi ki, insanlar danışlanların əksinə olaraq öz həyatlarından razıdılar. Təbii ki, bu Polşada “solidarity” mübarizələrinin başlamasından öncə idi…(hafiztimes)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...