“Ədəbi adam” layihəsində oxucular gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış olacaq. Layihənin bu dəfəki qonağı gənc yazar Vüqar Vandır.
Ednews gənc yazar Vüqar Vanla müsahibəni təqdim edir:
- Vüqar, səhv etmirəmsə, ədəbiyyata kitablardan gəlməsən... Necə düşünürsən, yazıçılıq üçün həyatdan gəlmə vacibdir, ya kitablardan?
- Ədəbiyyata kitablardan, yaxud həyatdan gəlmək necə olur, bilmirəm. Ümumiyyətlə, ədəbiyyata gəlmək nədir? Oxuyuram və yazıram. Bunlar bəs edir. Oxumaq, yazmaqdan əlavə, eyni zamanda da, yaşayıram. İndi mən ədəbiyyata hansından gəlmə oluram? Bu məncə, “hansı bürcsən?” kimi bir sualdır.
Son olaraq da vacib bir ritorik sualım var: “Sən necə bilirsən ki, mən ədəbiyyata kitablardan gəlməyəm?”
- Məncə, əsas sənətkarlıqdır. Təxəllüsünü niyə dəyişdin? Vanın açıqlamasını izah edərsən...
- Soyadım Babazadə idi. Onu mən seçməmişdim. İstədim ki, öz seçdiyim bir təxəllüs olsun adımın yanında. Viane qədim Urartu dilində şəhər deməkdir. Roman sözü də Roma ilə – şəhərlə bağlıdır. Beləliklə, Vüqar Van həm də "Vüqarların roman yazanı" deməkdir. Van ləzgicə, talışca “səs” deməkdir. Van gölü Türkiyənin ən böyük gölüdür. Hollandiyalıların çoxunun soyadı "Van"la başlayır. Onlar "Van"ı nəsil bildirmək üçün istifadə edirlər. Ruslardakı "ov, ova", isveçcədəki "son" kimi. Məsələn, Van Qoq, Ruud van Nisterlooy, Edwin van der Sar, Van Dam və s. "Van" ingilis dilində "one"ın (bir) tələffüzüdür. Bütün bunlarla yanaşı, Vüqar Van v-v alliterasiyası əmələ gətirir.
- Yazmaq həyatında necə rol oynayır? Kafka deyirdi ki, ədəbiyyatdan kənar şeylər məni iyrəndirir.
- Kafka indi onu desəydi, sosial şəbəkələrdə ciddiliyini ələ salardılar, hər kəs Kafkaya ağzına gələni yazardı. Əsl sufi heç vaxt sufilikdən danışmır. Mən də çalışıram ki, hər yerdə yazmaqdan danışmayım. Çünki bu proses səndən başqa heç kimə maraqlı deyil. Əlimdə bir dənə həyatım var. İstəyirəm, onu yazmaqla keçirim. Gələcək nə göstərəcək, bilmirəm. Amma hal-hazırda həm də yazmaq üçün yaşayıram.
- Kulis.az-dan niyə ayrıldın?
- Yoruldum. Bir gündəm yazısına xərclənən enerji, təxminən, iki “Kamaz” kubik boşaltmağa bərabər olurdu mənim üçün. Yaradıcılığa, bədii mətn yazmağa vaxt qalmırdı. Ağlımda olan hekayədə, romanda işlədəcəyim şeyləri köşələrdə zay edirdim. Üstəlik, mənim üçün səhər tezdən durmaq cəhənnəm əzabıdır.
- Vüqar, Seymur Baycanı sevirsən, onun fanatısan. Fanatlıq bir yazıçı üçün başa bəladır. Bu ötəri bir fanatlıqdır, yoxsa necə? Bunun öhdəsindən necə gələcəksən?
- Əvvəla, Seymurun fanatı deyiləm. Bu, yəqin, sənin qənaətindir. İkincisi, adam nəyi çox oxuyursa, ondan təsirlənir. Publisistikaya təzə başlayanda Seymurdan çox təsirlənmişəm. Çünki ancaq onu oxuyurdum. Təzə başlayanda Seymurun nəğməsi ilə köşə yazılarım olub, onlar da yavaş-yavaş özümü tapana qədər... Üçüncüsü, Seymuru danmaq, günəşi danmaq kimi bir şeydir. Bu yaxınlarda “Mənasız hekayələr” adlı kitabı haqqında yazı yazmışdım. Bu haqda orda da qısa danışmışam. Mənim heç bir bədii mətnimdə Seymurun təsiri yoxdur. O mənim sevimli yazıçımdır, vəssalam. Bütün bunlara rəğmən mənə “gənc Seymur”çu deyiləndə, cavab qaytarmıram. Kiminsə pis və yaxşı niyyətindən zərrə qədər də narahat deyiləm. Dördüncüsü, Seymurun fanatıyam da, Anarın fanatı deyiləm ki.
- Hiss olunur ki, məşhur olmaq üçün əlindən gələni edirsən. Hər cür statusla diqqət çəkmək istəyirsən. Nədir bu məşhurluq sevdası? Axı onsuz da, yazıçının oxucusu “ucsuz-bucaqsız azlıqdır”.
- Oğuz, bunlar sənin qənaətlərindir. “Məşhur olmaq üçün” əlimdən yazmaq gəlir. Mən də yazıram. İnsanların damarını tutmuşam. Sosial şəbəkələr qeyri-ciddi platformalardır, mən də ağlıma nə gəlir yazıram. Təsadüfi hallarda hansısa mövzu haqqında ciddi nəsə yazaram. Yazmaqdan başqa heç nə etmirəm. Bu halların ədəbiyyatla əlaqəsi yoxdur. Mən hər gün kifayət qədər oxuyur və yazıram. Bunu sosial şəbəkələrdə göstərmirəm. Guya məşhur oldum, nə olacaq?
Üç cür oxucu var. Oxucu-fərd, oxucu-kütlə, oxucu-estet. Yazıçının oxucusu “ucsuz-bucaqsız azlıq” deyil. Bu sadəcə bir illüziyadır. Mən sosial şəbəkələri oxucu yığmaq, məşhur olmaq, kitab satmaq üçün istifadə etmirəm. Vaxtımın çox az hissəsini onlara xərcləyirəm və məqsədim yalnız əylənməkdir. Onsuz da, feysbukda səni söyən, yaxud sevən adam, sabah gedib kitab almır. Orda olan orda qalır.
Üstəlik, yaşım da deyir ki, bir az həyasızlıq et. Qanım qaynayır, 23 yaşım var, dava-şava, mübahisə, xaos, intriqa, cin tutmaq, üsyan etmək istəyirəm. Təbii ki, hər şey əndazəsində. Çox quru olanda, tez sınırsan. Elastik olmağa çalışıram. Özümü müdrik aparmaq istəmirəm.
- Gənc yaşlarından iki roman yazmısan. “Arxalardakılar” daha çox diqqət çəkdi. Ancaq tənqid edənlər də olurdu ki, Amerika həyatından yazmaq lazım deyil. Səncə, bizim yazıçılar öz həyatımızı yaza bilmirlər? Bəlkə, oxucudan bizi ayıran bir səbəb də budur?
- 21 yaşımda onu yazmışam. O vaxtlar, demək olar ki, heç nə oxumamışdım, ədəbiyyat haqqında təsəvvürlərim səhv idi. Sadəcə arı kimi işləyirdim və bir az da cahil cəsarəti ilə o romanı yazdım. Çoxlu boşluqlar, əskikliklər, səhvlər var. Amma əmək və zəhmət də var. Xüsusən, mənim üçün yaxşı təcrübə oldu.
Oxucu isə, əksinə istəyir ki, xaricdən bəhs edən romanlar oxusun. Azərbaycanlı adam adlarını görəndə ürəyi bulanır. Ona inandırıcı gəlmir. Çox qəribədir. Necə ki, biz hansısa əşya almaq istəyəndə xarici istehsal alırıq, eynilə, oxucu da elədir. Azərbaycan yazıçısına inanmır. Bu bizimlə bağlı problem deyil, millətimizin problemidir. Bilir ki, xarici istehsal daha keyfiyyətlidir. Sözün düzü, heç kim “BMW”-ni saxlayıb, “Xəzər” almır.
Təxminən bir il yarımdan çoxdur təzə roman üzərində işləyirəm. Lerikdən yazıram.
- Futbola marağının olduğunu bilirəm. Səncə, futbolla ədəbiyyatın oxşarlığı var?
- Bu haqda məşhur yazıçılar hər şeyi danışıblar, mən nə desəm təkrara girir. Çox yaxşı futbol oynadığını düşünürəm. Qapıya zərbə vuranda onun qol olub, olmayacağını duya bilirəm. Bu duyğunu izah edə bilmirəm. Onu yalnız yaxşı şey yazanda hiss etmək olur. Ədəbiyyatla futbolu mənim üçün o duyğu birləşdirir.
- Müasir dövrün ədəbi mühitini necə qiymətləndirmək olar? Ümumiyyətlə, Azərbaycanda müasir ədəbiyyat mövcuddurmu?
- Əlbəttə, mövcuddur. Hər yeni roman bir addım irəli deməkdir. Hər il yeni və ciddi romanlar yazılır, hər şeyə baxmayaraq yenə də yazırıq, ədəbiyyatla məşğul oluruq. Hər zaman “krutoy” olmağın tərəfdarı olmuşam, ağlamaq olmaz. Kim kitab oxumur, cəhənnəmə oxumasın. Kiməsə yalvarası deyiləm ki, gəl kitab oxu.
İstəyirəm fikirlərimi bu yaxınlarda toyda eşitdiyim dəyərli bir şeirlə ifadə edim:
Bir qırpımlıq sərinləyən meh demə,
Hər damlaya şəbnəm demə, şeh demə.
Pul xərclənər, rütbə itər, eh demə.
Bircə sənət qalar dünyada,
Bircə sənət qalar dünyada.
- Hazırda nə işlə məşğulsan? Gələcəklə bağlı düşüncələrin nələrdir?
- Hazırda yazıram və oxuyuram. Evdən az-az çıxıram. Redaktələr edirəm. Gələcəklə bağlı nə deyim, necə deyim, heç bilmirəm. Deyəsən, gələcəklə bağlı bir düşüncəm yoxdur.
Söhbətləşdi: Oğuz Ayvaz