Türkiyə İsrailin İrana hücumlarının dayandırılması üçün əlindən gələni edir.
EDnews xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı hərbi hücumlarını kəskin şəkildə dəyərləndirərək, Ankara rəhbərliyinin bu təhlükəli gərginliyin qarşısını almaq üçün aktiv diplomatik cəhdlər göstərdiyini bildirib. O, bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisində keçirilən fraksiya toplantısında çıxışı zamanı səsləndirib.
Prezident Ərdoğan deyib:
“İsrailin İrana yönəlik hücumlarını diqqətlə və narahatlıqla izləyirik. Türkiyə bu gərginliyin dərinləşməsinin qarşısını almaq və bölgədə sülhün bərqərar olması üçün bütün diplomatik imkanlarını səfərbər edib. Təsirlərin Türkiyəyə sirayət etməməsi üçün dövlətin aidiyyəti bütün qurumları zəruri hazırlıqlarını tamamlayıb.”
Ərdoğan, bölgədə baş verən istənilən silahlı toqquşmanın təkcə İsrail və İranla məhdudlaşmayacağını, bütün Yaxın Şərqə, o cümlədən Türkiyəyə də sirayət edə biləcəyini vurğulayıb:
“Biz burada sadəcə seyrçi ola bilmərik. Biz dünyanın güclü dövlətlərindən birini – Türkiyə Cümhuriyyətini idarə edirik. Tərəflərə çağırışımız qətidir: Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil.”
Türkiyə lideri həmçinin qeyd edib ki, regional münaqişələrin diplomatiya yolu ilə həllinə üstünlük verilməlidir və Ankara bu istiqamətdə beynəlxalq tərəfdaşlarla da koordinasiyalı şəkildə fəaliyyət göstərir.