Əgər aprel döyüşlərinə qədər ermənilər öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqində deyib.
Aprel hadisələrinin Ermənistanda dərin hərbi və siyasi böhrana gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.