Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.
Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzulayıb.
***
Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.
Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər.
Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.