Uzun illər ərzində görülən böyük işlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılmasına imkan verən nəticəyə gətirib çıxarıb. Bununla da, Xəzəryanı dövlət başçılarının Qazaxıstanda keçiriləcək V sammitində Konvensiyanın imzalanması üçün bütün lazımi şərait yaradılıb.
“RİA-Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.
“Konvensiyanın mətni ilə bağlı bütün ölkələrin iradları olub. Bu, belə hüquq müəyənləşdirici sənədlərin hazırlanmasında tamamilə sadə beynəlxalq təcrübədir. Məlum olduğu kimi, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradıldı və bu format çərçivəsində 51 görüş keçirilib. Təbii ki, tərəflərin mövqeləri razılaşdırılarkən Xəzərin məsələsi üzrə iştirakçılar arasında, o cümlədən Azərbaycan-Rusiya ənənəvi məsləhətləşmələri həyata keçirilirdi.” – deyə, nazir bildirib.
Xəzərin hüquqi statusuna dair yekun Konvensiya layihəsində üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun yolverilməzliyi barədə tərəflərin razılığa gəlməsinə toxunan Məmmədyarov vurğulayıb ki, bu cür sənədə imza atan ölkələr orada əks olunan hüquq və öhdəliklərə yiyələnirlər.
“Pacta sunt servanda universal prinsipindən çıxış edərək, biz Konvensiyada təsbit olunmuş müddəalara tam sadiq olmalıyıq. Xəzərdə qeyri-sahilyanı ölkələrin silahlı qüvvələrinin olmaması da razılaşdırılmış müddəalardan biridir. Ümumiyyətlə isə sənəddə bəyan edilir ki, Xəzər sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasıdır. O, bizim ölkələrimizi məhdudlaşdırmadan birləşdirən, onların imkanlarını genişləndirən, ölkələrimizin hər birini milli iqtisadiyyatlarımızın inkişafı üçün optimal şərtlərlə təmin edən körpü olaraq qalır və belə də qalmalıdır. Xəzəryanı ölkələr uzun müddətdir ki, öz hüquqlarından uğurla istifadə edirlər və beynəlxalq əməkdaşlıq çərçivəsində onlara məxsus resursların istismarı üzrə effektiv işləyən infrastruktur yaradıblar. Buna müvafiq investisiya mühiti formalaşıb. Ölkələrimizin uğurları mövcud etimad tədbirləri mexanizmlərinə və hamının və hər birimizin rifahı üçün Xəzərdə gələcək əməkdaşlığın inkişafına dair tərəflərin qarşılıqlı əməkdaşlığına söykənən pozitiv münasibətilə şərtlənir." - deyə, nazir bildirib.