Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident həmsədrlərin çağırışına ziddir - Leyla Abdullayeva | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident həmsədrlərin çağırışına ziddir - Leyla Abdullayeva

Siyasət A- A A+

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistan silahlı qüvvələrinin sərhəd döyüş məntəqəsinin mövqelərini atəşə tutması və nəticədə Dövlət Sərhəd Xidmətinin əsgərinin yaralanması faktı ilə bağlı açıqlama verib.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iriçaplı silahlardan atəşə tutub və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb. Xüsusilə vurğulamaq istərdik ki, bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib.

Eurasia Diary xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Leyla Abdullayeva bildirib ki, Ermənistanın Baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışıqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqlarının maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib. Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində sözügedən insident baş verib. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir.

“Ermənistan rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin edilməsidir. Buna nail olmağın yeganə yolu isə hərbi işğal amilinin aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin ediləcək”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...