Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Eurasia Diary xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, həmin dairədən müraciət ünvanlayan qeydə alınmış namizəd Kamil Paşayevdir.
MSK katibi müraciətin araşdırıldığını, müqayisəli proses həyata keçirildiyini deyib. O 25 saylı seçki məntəqəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən faktların aşkar olunduğunu bildirib.
A.Muxtarovanın təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə 11 saylı Qaradağ seçki dairəsinin 25 saylı seçki məntəqəsində nəticələr ləğv edilib.
***
MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsindən namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.
Eurasia Diary-nin xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçilərlə əlaqə saxlanılıb. Şikayətçi müraciətində 3 və 13 saylı məntəqələrdə qanun pozuntularının olduğunu bildirib. DSK müraciəti hərtərəfli araşdırıb və əsassız hesab edib. Lakin sosial şəbəkələrdə görüntülər araşdırılıb. Həmin görüntülər araşdırılan zaman 6 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 6 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.
Sonda həmin dairənin 1 seçki (6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qəbul edilib.