Türkiyə və Yunanıstan Şərqi Aralıq texniki danışıqlarında müsbət irəliləyiş əldə edib, deyə NATO-nun Baş Katibi Yens Stoltenberq söyləyib.
Bu barədə Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir.
"Bu görüşlər davam edir və yaxşı irəliləyiş əldə edilib. Bunlar texniki hərbi danışıqlardır", deyə Yens Stoltenberq İspaniya Baş naziri Pedro Sançez ilə mətbuat konfransında söyləyib.
"Burada NATO-nun qərargahında Yunanıstan və Türkiyə ilə 5-ə yaxın iclas keçirilib. Məqsəd dənizdə və ya havada insident və qəzalardan yayınmaq üçün münaqişələrin qarşısını almaq mexanizmi yaratmaqdır”.
Stoltenberq iki ölkə arasında axtarış danışıqların aparılması barədə razılığın əldə olunmasını da alqışlayıb. O, bu istiqamətdə Almaniyanın mübahisənin həlli yolunda səylərini və İspaniyanın NATO mexanizminin yaranması üçün cəhdlərini də müsbət qarşılayıb.