Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan növbəti dəfə Azərbaycanın ünvanına qərəzli fikirlər səsləndirib.
Eurasia Diary erməni mətbuatına istinadla xəbər verir ki, Ayvazyan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdə davamlı sülhə inanmadığını deyib.
"Bu gün bölgəmiz Azərbaycanın Qarabağ probleminin güc yolu ilə həll edilməsi kimi təhlükəli təcrübəsinin doğurduğu çox ciddi problemlərlə üzləşib. Ermənistan Azərbaycanın Qarabağa təcavüzünün nəticələrinin davamlı sülhün təməlini qoya biləcəyinə və ya regional əməkdaşlıq üçün bir fürsət kimi qəbul olunacağına inanmır", erməni nazir iddia edib.
O, İranın bölgədə vacib rola malik olduğunu vurğulayıb və İrəvanın Tehranın qonşu dövlətlərlə münasibət qurmaqda sərgilədiyi yanaşmalarına hörmət etdiyini bildirib.
Qeyd edilir ki, İran Xarici İşlər nazirinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də planlaşdırılır.