Azərbaycanda ilk dəfə 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri ölkənin ictimai və siyasi həyatında mühüm rol oynayacağını vəd edirdi. Hətta o zamanlar icra hakimiyyətlərinin ləğv olunaraq bütün səlahiyyətlərin bələdiyyələrə veriləcəyi haqqında söz-söhbətlər də gəzirdi.
Çox əfsuslar olsun ki, qurulan bələdiyyə sistemi özünü doğrulda bilmədi və dünya ölkələri təcrübələri Azərbaycanda özünü göstərə bilmədi. Bununla da yaranan bu sistem özünü elə ilk vaxtlardan lazımsız bir qurum kimi qələmə verdi.
Bu gün ölkədə bələdiyyələrdən danışarkən, əksər insanlar deyir ki, bələdiyyələr torpaq satmaqla, pul yığmaqla məşğuldur. Çoxu isə ümumiyyətlə nə bələdiyyə üzvləiri, nə də bələdiyyə sədrini tanıyır.
Lakin unutmaq lazım deyil ki, bu gün ölkələrin müasir idarəetmə üsullarında daha çox bələdiyyələr mühüm yer tutur. İdarəetmələr məhz bu sistemlə həyata keçirilir. Bəzi ekspertlər isə düşünür ki, icra hakimiyyətləri ləğv edilib. Bütün səlahiyyətlər bələdiyyə idarəetmə üsuluna verilməlidir.
Mövzu ilə bağlı Ednews-a danışan millət vəkili Razi Nurullayev bu iki idarəetmə institutundan daha çox bələdiyyələrə üstünlük verdiyini bildirib. O, icra hakimiyyətlərinin ancaq Prezidentin bir nümayəndəsi kimi olmalı və onun tapşırıqları əsasında nəzarətçi orqan kimi fəaliyyət göstməli olduğunu təklif edib.
“Amma birbaşa rayonun inkişafı ilə bağlı bələdiyyələr məşğul olmalıdır”.
Millət vəkilinin sözlərinə görə, bu gün bələdiyyə ilə icra hakimiyyətinin səlahiyyətləri arasında heç bir fərqli məsələ yoxdur.
“Bələdiyyələr icra hakimiyətinin bir qolu kimi fəaliyyət göstərir. Fəaliyyətləri də effektsizdir. Bələdiyyələrin nə qazanması, nə inkişafı üçün heç bir stimul da yoxdur. Onların adı elə “torpaq satan” kimi qalıb və bu gün də camaat onlara o cür baxır. Bu baxımdan bələdiyyələr rayonun inkişafı ilə bağlı fəaliyyət göstərməlidirlər və bütün iqtisadi-sosial, humanitar məsələlər onların ixtiyarında olmalıdır. Kağız üzərində bu var, amma həyata keçirilmir. Bütün məsələlər icra hakimiyyətinin ixtiyarındadır. Nə qədər ki, icra hakimiyyəti daha güclü struktur kimi qalır, bələdiyyələrin inkişafından söhbət gedə bilməz”.
Gülnar Səlimova