Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ednews xəbər verir ki, Memorandumu mədəniyyət naziri Anar Kərimov və Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidənqurulması və qorunması, işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Razılaşmada eyni zamanda, tarix-memarlıq və arxeoloji abidələrin tədqiqatının, mütəxəssis qrupları tərəfindən abidələr üzrə təhlilin aparılması, təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin təşkili, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı və 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi öz əksini tapıb.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq, erməni işğalı nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandırmaq məqsədilə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri də əhatə edəcək.