Aprelin 24-də Fransada keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. O, daha 5 il ölkəyə rəhbərlik edəcək. Seçkilər ərəfəsində erməni lobbisinin diqqətini cəlb etmək üçün Makron dəyişkən siyasət yeridirdi. Seçkilər yekunlaşdıqdan sonra hazırda əsas məsələ Fransa-Azərbaycan münasibətlərinin bundan sonra necə davam edəcəyidir.
Məsələ ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ednews-a danışarkən bildirib ki, Fransa hər zaman ermənipərəst mövqeyinə qoruyub saxlayacaq.
“Seçkilər yekunlaşdığına görə, artıq Fransanın siyasətində seçkilərə aid hansısa xüsusi gedişlər olmayacaq. Bundan sonra onlar maraqlarını təmin edəcək qərar və bəyanatlar verəcəklər. Lakin bu ölkənin mövqeyinin dəyişəcəyinə inanmıram. Yenə ermənilərin maraqlarına xidmət edəcəklər. Amma bu zəif formada olacaq”.
Sabiq nazirin fikrincə, Fransa Azərbaycanla Ermənistan arasında münaqişənin qalmağında maraqlıdır:
“Fransanın, Rusiyanın, ABŞ-nin və digər ölkələrin Azərbaycanla Ermənistan arasında münaqişənin qalmağında maraqları var. Çünki münaqişə qaldıqca bizə təsir etmə imkanlarını özlərində saxlamaq niyyətindədirlər. Onlar məsələnin həll olunmasını istəmirlər. Ümumiyyətlə, dünyada yaranan müxtəlif konfliktlərdə onların əli var”.
Deputat Fazil Mustafa da Tofiq Zülfüqarovla həmfikirdir. O da düşünür ki, Fransanın ermənipərəst mövqeyində hər hansı bir ciddi dönüş olmaycaq. Parlament üzvü bu barədə Ednews-a verdiyi açıqlaması zamanı deyib. O, qeyd edib ki, seçkilərdən sonra Makronun Azərbaycanla münasibətə köhnə qaydada davam edəcək:
“Makron olmasın başqası olsun. Fransa hər zaman öz mövqeyinə davam edəcək. Bu ölkə bizə hər zaman problem yaratmağa çalışacaq. Hətta Makron Azərbaycana qarşı ciddi səylər göstərməyən prezidentdir. Bu səbəblə biz bu cür neqativ halların qarşısını almalıyıq. Orada yaşayan türklər bu məsələdə bizə kömək etməlidirlər. Fransada yüksək vəzifələrdə türklərin sayı kifayət qədərdir. Sadəcə onları fəaliyyət göstərmələri üçün hərəkətə gətirmək lazımdır”.
Xanlar Əlibəy