“Azərbaycan ABŞ-ı dünya siyasətinə təsir edən ölkə kimi qəbul edir. Həmçinin rəsmi Vaşinqtonun beynəlxalq münasibətlərdəki roluna müsbət yanaşır. Bu gün ABŞ dünya siyasətində, iqtisadiyyatda, enerji ehtiyatlarının təmin edilməsində ölkəmizin dəyərinin vacib olduğunu anlayır”.
Bu fikirləri politoloq Fikrət Sadıxov Ednews-a açıqlaması zamanı səsləndirib. Siyasi analitik həmçinin qeyd edib ki, Azərbaycanın Qarabağ müharibəsində zəfər çalması, orada gücünü göstərməsi nəinki Qafqazda, hətta onu beynəlxalq siyasətdə mühüm ölkə olduğunu göstərib.
“Bundan başqa ABŞ rəhbərliyi Rusiya-Ukrayna savaşındakı vasitəçi rolumuzu yüksək dəyərləndirir. Bu addımlar Azərbaycanın beynəlxalq arenada sözünü deyən dövlət olmasını sübut edir”.
Söhbət zamanı F.Sadıxov ABŞ-nin Qarabağ məsələsindəki rolu haqqında da mülahizələrini bölüşüb. O, qeyd edib ki, ABŞ-nin Qarabağla bağlı bəzi bəyanatları ölkəmizin maraqlarına cavab verməyib.
“Qeyd edək ki, ABŞ-ın Qarabağ danışıqlarında ATƏT-in Minsk Qrupu həmsədri kimi də çox effektiv rolu olmadı. Lakin artıq Qarabağ məsələsi həll edilib. Hazırki durumda ABŞ-lə əməkdaşlığımızı genişləndirməliyik”.
Politoloq ABŞ ilə qurulmuş 30 illik münasibətlərin daha da inkişaf etdiriləcəyini də diqqətə çatdırıb:
“İki ölkə arasında mühüm sazişlər, müqavilələr imzalanıb. Bugündən sonra da əməkdaşlığımızın davamlı olacağına inanıram. Düşünürəm ki, bundan sonra ABŞ və Azərbaycan münasibətəri daha da inkişaf edəcək və dərinləşəcək”.
Qeyd edək ki, İyunun 1-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda iki ölkə arasındakı 30 illik diplomatik münasibətlər dövründə qazanılan nailiyyətlər qeyd olunub. Prezident Bayden Azərbaycanla qurulan iqtisadi, siyasi əlaqələri müsbət dəyərləndirdiyini vurğulayıb. O, ABŞ-ın Azərbaycanla münasibətlərdə davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiq olacağını qeyd edib.
Xanlar Əlibəy