Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.
Ednews “Habertürk”ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb.
Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.
Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.
*11:18
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə yola düşüb. Burada onun ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşü planlaşdırılır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Prezidentinin Kommunikasiya Departamenti yayıb.
Mənbə yazır ki, Ərdoğan Zelenski ilə görüşdə “strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektlərini” müzakirə edəcək.
Həmçinin Lvovda Ukrayna Prezidenti V. Zelenskinin və BMT-nin baş katibi A.Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.
Bu görüşdə Ukraynada müharibəyə son qoymaq üçün atıla biləcək addımlar və Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin aktivləşdirilməsi müzakirə predmeti olacaq.