Qarşıdan gələn Konqres seçkiləri təkcə ABŞ üçün deyil, o cümlədən Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. 535 üzvdən ibarət Konqresin 123 üzvü erməni qrupuna daxildir. Seçkilərin region üçün vacibliyi erməni diasporunun əsas gücünün məhz Konqresdə cəmlənməsi ilə şərtlənir.
Hazırda Konqresdəki erməni qrupu 4 həmsədr, (Q.Bilirakis, F. Pallone, C. Şpeyer, D. Valadao) bir vitse-sədr (Adam Şif) və Konqresin (NP) sədri N. Pelosi daxil 124 üzvdən ibarətdir. 535 üzvdən ibarət Konqresin 123 üzvünün erməni qrupuna aid olması ABŞ parlamentinin təxminən ¼ hissəsinin ermənipərəst deputatlardan ibarət olması deməkdir. Ümumiyyətlə sual yaranır ki, seçkilərdə bu dəfə hansı hadisələrin baş verəcəyi gözlənilir?
“Hazırda bu seçkilərdə bir neçə aparıcı nümayəndə erməni diasporası ilə öz həmrəyliyini ifadə edir. Dəfələrlə Azərbaycana, Türkiyəyə qarşı öz qərəzli bəyanatları ilə çıxış ediblər”- Bu sözləri millət vəkili Asim Mollazadə Ednews-a açıqlamasında bildirib.
“Bu seçki kompaniyasının tərkib hissəsidir. Diasporanın vəsaitlərindən əlavə öz milyardlarını Rusiyadan erməni diasporasına yatıran erməni oliqarxları var ki, onlar bu prosesdə iştirak edirlər. Çox güman ki, erməni lobbisi hər hansı maliyyə problemi ilə üzləşməyəcək. Təəssüf ki, Türkiyə-Azərbaycan diasporalarının bu proseslərə təsir imkanları kifayət qədər məhduddur. Üzvlərin say fərqi burda əsas deyil. Çünki türk diasporası ilə erməni diaspora üzvlərinin sayı demək olar ki, eynidir. Fərq ondadır ki, erməni diasporası illərdir təşkilatlanaraq müvafiq sistem qurublar. Əlavə olaraq Rusiyadan ora böyük axın erməni oliqarxları tərəfindən təşkil olunub. Rus oliqarxlarına qarşı sanksiya tətbiq olunanda erməni oliqarxlarına sanskiyaların heç bir təsirinin olmadığını görə bilirik”.
Azərbaycan diasporasının təşkilatlanma və təsir səviyyəsinin yetərincə olmadığını bildirən millət vəkili bu məsələnin üzərində ciddi şəkildə çalışmaq lazım olduğunu bildirib.
Ayan Rzayeva