Moldovanın baş naziri Natalya Qavrilitsa qaz təchizatını müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Ednews bu barədə Moldova mətbuatına istinadən məlumat verir.
"Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək. Müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qaz idxalı da var", - deyə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Moldova baş nazirinin müavini Andrey Spınunun bir qədər əvvəl dediyi kimi, ölkə ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir.
"Biz ildə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər qaz alışı üzrə müqavilə imzalamaq istərdik", - o bildirib.
A.Spınunun sözlərinə görə, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var və qışda bu həcm maksimum on günə kifayət edəcək.