“Azərbaycan prezidenti Gürcüstana işgüzar səfəri zamanı baş nazirlə ikitərəfli münasibətlərin bütün mühüm məsələlərini müzakirə edəcək”.
Ednews “apsny.ge” saytına istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili səsləndirib.
Onun sözlərinə görə, İlham Əliyevin səfəri zamanı tərəflər iki dövlətin regionda sülh və sabitliyi necə təmin edəcəklərini müzakirə edəcəklər.
“Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Məlum olduğu kimi, Gürcüstan və Azərbaycanı sıx strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir.
İşgüzar səfər zamanı Gürcüstanın baş naziri və Azərbaycan prezidenti ikitərəfli münasibətlərin bütün mühüm məsələlərini müzakirə etmək imkanı əldə edəcəklər.
Bizim ikitərəfli münasibətlərimizdə çox geniş məsələlər var və bugünkü işgüzar səfər bizə bu məsələləri müzakirə etmək imkanı verəcək”, deyə İlya Darçiaşvili qeyd edib.