“Biz öncədən bu görüşlə bağlı heç bir fikir söyləyə bilmərik. Çünki üçtərəfli bəyanatda və göstərilən razılaşmalar üzrə ermənilərin mövqeləri tamam ziddir”.
Bu fikirləri Ednews-a açıqlaması zamanı rusiyalı hərbi ekspert, “Naçionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib. O, qeyd edib ki, Ermənistan regionda nəqliyyat kommunikasiyalarını açmaqdan və Zəngəzur dəhlizi layihəsinə başlamaqdan boyun qaçırır. Onlar qanunsuz silahlı birləşmələri Qarabağ ərazisindən çıxarmaqdan imtina edirlər, həmçinin sərhədin delimitasiyası da çox ləngidirlər.
Hərbi ekspertin sözlərinə görə, Paşinyan istiqamətini Moskvaya tərəf yox, Qərbə doğru yönəldib.
“Bu görüşdə Moskvanın vəzifəsi -Cənubi Qafqazda yaranan vəziyyətin həllində vasitəçi olmaqdır. Halbuki, hazırda bu vəzifəyə Paşinyanın dəvəti ilə qərb oyunçuları- Avropa İttifaqı, ABŞ və Fransa əl atmaq istəyir. Həmçinin, Ermənistanda yaranan anti-rus əhvalının artdığını da vurğulamaq istərdim. Bu səbəbdən, Putin üzərinə düşən vasitəçi rolunu yerinə yetirərək, Ermənistanın dağıdıcı fəaliyyətinin qarşısını almaq istəyir”.
İ.Korotçenko Soçi görüşündə sülh müqaviləsinin imzalanması ehtimalından da danışıb. Onun fikrincə, üçtərəfli görüşdə heç bir müqavilə imzalanmayacaq.
“Buna əsas isə sülh müqaviləsinin şərtlərindən biri olan Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməməsidir. İlham Əliyev dəfələrlə açıqlamalarında qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Etiraz edənlər isə Qarabağı tərk edə bilərlər”.
Ekspert həmçinin, Azərbaycanın hər yöndə sülhə əl atdığını görsək də, Ermənistan hər dəfəsində öz etirazlarını irəli sürdüyünü də vurğulayıb.
“Hazırda Ermənistanın əməl etmədikləri: hələ də Ermənistanın qanunsuz silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmayıb. Ermənistan regionda nəqliyyat kommunikasiyalarını açmaqdan imtina edib, Paşinyan bəyanatında Zəngəzur dəhlizinin açılmayacağını bildirib. Həmçinin, Ermənistan mina xəritələrini hələ də Azərbaycana təqdim etməyib. Ən yaxşı halda sülh müqaviləsinin ilin sonuna qədər imzalanması baş tuta bilər. Ancaq yenə də, Ermənistandakı siyasətçilərin buna heç cür şərait yaratmayacağı da gözlənilir”.
Rəna Mürşüd