"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Bu sözləri Ednews-a hüquqşünas Alim Hüseynli bildirib. O, qeyd edib ki, sənəddə bir sıra dəyişikliklər edilib və bunu da cəmiyyətdən gələn sosial sifarişi kimi qəbul etmək olar:
"Sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar sənəddən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib".
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul edilib. Qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.
Oğuz Ayvaz