Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekinin Türkiyənin Çindəki səfirinin uyğurların yaşadığı Sincan əyalətinə səfərinə 5 ildir icazə vermədiyini və bunun iki dövlət arasındakı əlaqələrə mənfi təsirini etiraf edib. Çavuşoğlu Pekinin Türkiyədən bir heyətin uyğurların yaşadığı bölgəyə səfər edəcəyini vədini xatırladıb, ancaq Çin hakimiyyəti bu vədini yerinə yetirməyib.
Mövzu ilə bağlı Ednews-a şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, Çavuşoğlu Pekinin uyğur məsələsinə Ankaranın narahatlığı səbəbindən Türkiyə - Çin əlaqələrinin zədələndiyini qeyd edib.
“Türkiyə ilə Çin arasındakı münasibətlərdə mübahisə yaradan əsas bənd uyğurlarla bağlıdır. Pekin uyğurları assimilyasiya siyasətini davam etdirir, “əmək düşərgələri” praktikasından imtina etmir. Pekinin bu siyasəti Ankaranın narazılığına səbəb olur. Digər tərəfdən Türkiyədə yaşayan uyğurlar Ankaranın Pekinlə münasibətlərinə yenidən baxmasını tələb edirlər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır. Bu partiya dünyanın müxtəlif ölkələrində türklərin problemlərinə həssas yanaşır. Hakim partiya bunu nəzərə almaq məcburiyyətindədir”.
Oğuz Ayvaz