Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən təsirlənən Suriyada vəziyyət gərgin olaraq qalır. Təbii fəlakət on ili aşan bir dövr ərzində müharibəyə şahidlik edən ölkədə siyasi və iqtisadi mənzərəni daha da gərginləşdirib.
Zəlzələnin Suriyada səbəb olduğu iqtisadi böhran haqqında Ednews-a danışan Qahirə universitetinin professoru iqtisadçı ekspert Əşrəf Samir bildirib ki, baş verən hadisə Yaxın Şərqin digər ölkələri kimi Suriyada da təbii fəlakətlərə qarşı sistematik fövqəladə hal tədbirlərinin olmadığını göstərir :
“Milyonlarla suriyalının ərzaq və tibbi ehtiyaclarının qarşılanmaması iqtisadi böhranın şiddətindən xəbər verir. Zəlzələ ölkə infrastrukturuna ziyan vurub, fəlakət baş verən bölgələrdə istehsalat dayanıb, elektrik enerjisi təchizatında ciddi problemlər var”.
O əlavə edib ki, Suriyanın üzləşdiyi iqtisadi böhranın kəskinləşməsinə ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalar da təsir edib:
“Ölkədə qeyri-rəsmi sektorda çalışan işçilər və qadınlar da daxil olmaqla iqtisadi cəhətdən həssas qruplar üzərində zəlzələnin mənfi təsirləri artmaqdadır. Təəssüf ki, bundan sonra ölkədə yoxsulluq və işsizliyin səviyyəsi daha da artacaq. Zəlzələdən zərər çəkmiş suriyalı ailələrin ehtiyaclarını ödəmək üçün beynəlxalq ictimaiyyət səyləri gücləndirməlidir. Onların düşdüyü acınacaqlı vəziyyəti yüngülləşdirmək üçün operativ və təsirli tədbirlərin görülməsinə ehtiyac var”.
Asiya və türk dünyası üzrə tədqiqatçı ekspert Əhməd Tarabek isə açıqlamasında bildirib ki, Suriya Ərəb Dövlətləri Liqasından kənarda qalsa da zəlzələ onun digər ərəb ölkələri ilə humanitar əlaqələrinin bərpasına səbəb olub:
“Bir çox ərəb ölkələri Suriya ilə diplomatik əlaqələrini kəssə də fəlakətdən sonra vəziyyət dəyişib. Bu çətin günlərdə ərəb hökumətləri Suriya xalqına dəstək və humanitar yardımlarını əsirgəmirlər. Münhen Təhlükəsizlik Konfransında Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhan çıxışında bildirdi ki, ölkəsi Suriya ilə münasibətlərə yenidən baxmalıdır. Nazir zərər çəkənlərə yardım məqsədilə Suriyaya tətbiq edilən iqtisadi embarqonun ləğvi və zəlzələ nəticəsində dağılmış ərazilərin bərpası üçün maddi yardım tələbi ilə çağırış etdi”.
Ekspert qeyd edib ki, Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünün bərpası məsələsi yenidən müzakirə edilə bilər:
“Düşünürəm ki, bir çox ərəb və bəzi Qərb ölkələri Suriya hökuməti ilə münasibətləri bərpa etmək üçün danışıqlara başlayacaqlar. Son hadisələr bunu deməyə əsas verir. Zəlzələnin ağrılı nəticələrinə baxmayaraq bu, Suriya üçün siyasi və iqtisadi cəhətdən yeni dövrün başlanğıcı ola bilər”.
Törə Zeynallı