Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.
Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü ilə bağlı Ednews-a danışan politoloq Məhəmməd Əsədullazadə hərəkatın Azərbaycan sədrliyi altında daha da gücləndiyini vurğulayıb:
“Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik həyata keçirib. 2022-ci ildə də 2023-cü ilin axırına qədər bu sədrliyi həyata keçirəcək. Azərbaycanın sədrliyi dövründə bu təşkilat BMT-dən sonra dünyada ən böyük təşkilatlardan biridir. Məhz 30 ildən sonra 120-dən çox ölkə rəhbərləri Bakıda zirvə görüşündə bir araya gəldi. Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə atdığı addımların gələcəkdə bu təşkilatı daha da irəli aparacağı qeyd edildi. Azərbaycanın verdiyi mesajlar bu təşkilat üçün gələcəkdə daha da böyük uğurlar qazanmasının əsaslarını qoydu. 2019-2022-ci ilərdə məhz Qoşulmama Hərəkatı dünyanın aparıcı təşkilatlarından birinə çevrildi. Prezident İlham Əliyevin də nüfuzu, apardığı xarici siyasət və bu Hərəkatda tutduğu xarici strategiyada xarici dövlət başçıları Azərbaycana gəldi. Bu illər ərzində Hərəkatın parlamentinin formalaşması və gənclər təşkilatının yaradılması qəbul edildi. Bütün bunlar Azərbaycanın bir başa təklifi və dəstəyi ilə oldu. Belə bir Zirvə görüşünün məhz Bakıda keçirilməsi Azərbaycanın geosiyasi mğvqeyini daha da gücləndirir. Qoşulmama Hərəkatı Sovet İttifaqı dağılandan sonra sıradan bir təşkilata çevrilmişdir. Ancaq Azərbaycanın sədrliyi dövründə bu təşkilat yenidənm öz əvvəlki gücünün geri qazandı”.
Əbülfət Baxşəli