İsraildə Netanyahu hökuməti tərəfindən irəli sürülmüş məhkəmə islahatları barədə qanun layihəsinə qarşı etirazlar səngiməkdədir.
Ərəb ekspertlərin fikrincə, İsrail hökuməti daxilində baş verə biləcək hər hansı bir siyasi dəyişiklik Fələstin məsələsindən də yan keçməyəcək.
Mövzu ilə bağlı Ednews-a danışan fələstinli siyasi ekspert Xəlil Əl-Əsli bildirib ki, hökumətin təsdiqləməyə çalışdığı məhkəmə islahatları fələstinlilərə də təsir edəcək. O qeyd edib ki, hökumət fələstinlilər üzərində şiddəti artırmaqla İsrail-Fələstin münaqişəsinə son qoymağa çalışırlar.
“Əlbəttə, Fələstin xalqı İsraildə baş verənləri yaxından izləyir, çünki ölkədə baş verəcək hər hansı dəyişiklik hər bir fələstinlinin həyatına təsir edəcək. Fələstinlilərin həyatının bütün aspektləri İsraillə bağlıdır. İqtisadiyyat İsrailin əlindədir, hətta, Fələstinin pul sistemi də İsraillə bağlıdır. Buna görə də, İsraildəki etirazlar fələstin xalqı üçün mühüm siyasi, iqtisadi dəyişikliklərlə nəticələnə bilər”,- deyə, ekspert qeyd edib.
Fələstinli ekspert onu da bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu konstitusiya islahatları ilə bağlı qanunların üçüncü oxunuşunu dondurmaq qərarına gəlib. Bununla belə, İsrail Fələstin ərazilərində yaşayış məskənlərini genişləndirməyə davam edir.
“Məhkəmə islahatları uğur qazansa və ya kompromis əldə olunsa, hakim koalisiya məskunlaşma siyasətini genişləndirməyə və daha çox Fələstin torpaqlarını ilhaq etməyə çalışacaq”.
Törə Zeynallı