Xəbər verdiyimiz kimi, ötən gün Güney Azərbaycanın Marağa şəhərinin Varcoy kəndindəki Qüdsiyyə məktəbinə kimyəvi hücum olub. Nəticədə 30 şagird zəhərlənib.
Məsələ ilə bağlı Ednews-a Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı danışıb. Onun sözlərinə görə, İranda qız uşaqlarının zəhərlənməsi hələ də davam edir.
“İran rejimindən bu tipli hadisələrin olacağı gözləniləcək bir addım idi. Mövcud rejim qızları zəhərləməklə etirazçılardan qisas aldığını düşünür. Şagirdləri yenidən zəhərləmələri etirazın daha da güclənməsinə və yaxud yeni etirazın yaranacağına səbəb ola bilər. Bu baxımdan rejimin başını itirdiyini görə bilərik. Necə ki, İranın Azərbaycana yalandan dostluq addımı atıb, əslində düşmənçilik etdiyi əməllərini görürük. Rejimin şagirdlərə, qızlara və xanımlara qarşı da münasibətləri çox qəddardır. İranda hicab qanunidir”.
Milli fəal vurğulayıb ki, İrandakı mövcud rejim bilmir ki, hicabı qanunən azad etsin ya yox.
“Bunu edərsə, geri addım atmış olacağını düşünür. Etməsə də etirazlar getdikcə artır. Görünür ki, vətəndaşları zəhərləmələrlə qorxutmaq istəyir. Lakin bu rejimin qorxduğunun sübutudur. Bu addımlarla etirazlar azalacaq və ya tam ləğv olunacağını düşünür. Ancaq bu tərsinə də ola bilər. İran rejiminin qadınlara qarşı qeyri-insani hərəkətləri davam edir. Hətta sözdə müvəqqəti geri otursalar da, qadın məsələləri, xüsusən, hicabda geri oturmayacaqlar. İran rejimini məqsədi zorla qadınları basqı altında saxlamağa qərarlıdırlar. Gələcəkdə qadınlara qarşı daha da zorlayıcı addımları görə bilərik”.
Aysel Şahmar