“Mən erməni əsirliyində olan iki gənc Azərbaycan əsgərinə işgəncə verilməsini tamamilə pisləyirəm”.
Bu fikirləri Ednews-ə açıqlaması zamanı Britaniyalı jurnalist və politoloq Neil Watson Ermənistanda Azərbaycan əsgərlərinə işgəncə verilməsi barədə danışarkən deyib.
“Beynəlxalq hüququn qorunmasına inanan Böyük Britaniya vətəndaşı və humanitar bir insan kimi erməni əsirliyində olan iki gənc Azərbaycan əsgərinə işgəncə verilməsini tamamilə pisləyirəm. Onların videoya çəkilən və yayılan görüntülərində əks olunan pis rəftarları Ermənistanın imzaladığı Cenevrə Konvensiyasına və digər beynəlxalq qanunlara tamamilə ziddir”.
O, həmçinin qeyd edib ki, Ermənistan və onun iki böyük himayədarları - İran və Rusiya sülh sazişinin əldə olunmasını istəmir.
“Bu iki ölkə öz məqsədləri üçün Azərbaycan və Ermənistan arasında qeyri-sabitlik, zorakılıq və qarşılıqlı düşmənçilik əsasında inkişaf edir. Bu cür zorakılıq aktları sülh müqaviləsinin bağlanmasına və yaxın gələcəkdə sərhədlərin delimitasiyasına daha da çətinləşdirir”.
Neil Watson düşünür ki, bu prosesdə yeganə yol üçüncü ölkədə - istər Brüsseldə, istərsə də ABŞ-da şəxsi maraqları güdən və ya qərəzli üçüncü tərəflərin iştirakı olmadan aparılan sülh müzakirələridir.
“Paşinyan yaxşı bilir ki, o, sülh sazişi imzalamalıdır, lakin o, beynəlxalq erməni diasporunu, Rusiya və İranı sakitləşdirmək üçün məsələləri bilinməyən zamana qədər təxirə salmağa çalışır. O, düzgün qərar - Azərbaycanla barışığı qəbul etmək üçün özünü güclü hiss etməlidir. Ancaq o, Qarabağı və müvəqqəti olaraq Rusiyanın dəstəyini itirmiş adam kimi Ermənistanda əlində çamadanı ilə hazırlıqlı şəkildə gəzir. Ya insan olmalı və düzgün olanı etməlidir, ya da vəzifəsindən istefa verməlidir. Paşinyan Ermənistanda, diaspora arasında daxili dəstəyi və Rusiya, İran, Fransa və digər maraqlı üçüncü tərəflərlə məqbul münasibətləri saxlamaqla, Ermənistan lideri kimi onun xələfinin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edərək vəzifəsindən istefa verməlidir”, - N.Vatsoni sonda vurğulayıb.
Ülviyyə Şahin