Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfir Laçın yolunda baş verən son insidentə görə nazirliyə dəvət olunub. Hadisə ilə bağlı Kopırkinə Ermənistan tərəfinin narazılığı ifadə olunub.
Ümumilikdə Ermənistan-Rusiya münasibətlərinin son dövrlərdə gərginləşdiyi hiss edilir. Bunun səbəbi nədir?
Məsələ ilə bağlı Ednews-a politoloq İlqar Vəlizadə bildirdi ki, Ermənistan Rusiyadan uzaqlaşmaqla Qərbə mesaj ötürür:
“Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılmalıydı. Çünki məlum insidentdə Azərbaycan sərhədçiləri ilə yanaşı, Rusiya sülhməramlıları da atəş altına düşüblər. İnsident isə Ermənistan tərəfindən törədilib. Rusiya bunu etmir. Çünki Ermənistanla münasibətləri tam pozmaq istəmir. Ermənistanın bu cür “sırtıqcasına” davranması ondan xəbər verir ki, Ermənistan bütün hadisələrdən, insidentlərdən istifadə edərək Qərbə göstərmək istəyir ki, o qərbyönümlü siyasətə sadiqdir. Bu istiqamətdə qəti addımların atılmasına da hazırdır. Rusiya səfirinin XİN-ə çağırılmasını Ermənistan tərəfi öz Qərb tərəfdaşlarına nümunə çəkəcək. Bununla Rusiyanın siyasətindən narazı olduqlarını göstərəcəklər. Eyni zamanda biz bilirik ki, Rusiya sülhməramlıları Qarabağın dağlıq hissəsini tərk etdikdən sonra ermənilər Qərb nümayəndələrinin onları əvəz etməsini istəyirlər. İndi belə siyasi zəmin yaradırlar ki, Rusiya sülhməramlılarının əvəzinə Qərb nümayəndələri gəlsinlər. Bunun modeli kimi, sərhəddəki Avropa Müşahidə Qrupunu göstərmək olar. Sülhməramlılarını əvəz etmək üçün məşq edirlər. Bunların bu siyasəti istənilən halda bəsitdir. Planlarını gizlədə bilmirlər. 2025-ci ilə hazırlaşır. Bilirlər ki, bütün hallarda Rusiya sülhməramlıları gedəcəklər”.
Politoloq qeyd edib ki, Ermənistandan fərqli olaraq, Rusiya münasibətləri tam pozmaq istəmir:
“Görünür, Rusiya çox ehtiyyatlı davranır. Çünki Ermənistanla münasibətlərini tam pozmaq, Ermənistanın siyasi rəhbərliyinə “kozır” vermək istəmir. Çünki onlar ara-sıra çağırışlar edirlər ki, KTMT-dən çıxsınlar. Avrasiya İttifaqı ilə bağlı müxtəlif çağırışlar edirlər. Rusiya Ermənistanın əlinə “kozır” verməmək üçün sərt addımlar atmır. Biz Rusiyanın başının Ukrayanaya qarışdığını bilirik. Ona görə də, Cənubi Qafqazdakı vəziyyəti bu və ya digər şəkildə tənzimləmək istəyir. Ermənistanın bu reaksiyası Rusiya üçün önəmli deyil. Rusiya hazırda diqqətini Zəngəzur dəhlizinə yönəldib. Ermənistanın siyasi xadimlərinin boş-boş çağırışları, addımları Rusiya üçün əhəmiyyət daşımır. Məhz Rusiyada aparılan Zəngəzur dəhlizi ilə bağlı danışıqların yaxın vaxtlarda gerçəkləşməsi əsasdır. Düşünürəm ki, Rusiya əsas diqqəti buna yönəldəcək”.
Oğuz