Şərti sərhəddə (Naxçıvan istiqamətində) yerləşən Yerasx (Arazdəyən) metallurgiya zavodunda Ermənistan və ABŞ bayraqları qaldırılıb.
Ermənistanın ABŞ maliyyəsi ilə dövlət sərhədimizin yaxınlığında ətraf-mühitə zərər verəcək metallurgiya zavodu inşa etməsi və orada qlobal bir gücün bayrağını qaldırması bir daha qonşumuzun riayakar siyasəti və acizliyindən xəbər verir.
“Arazdəyəndə ABŞ bayrağının dalğalanması Ermənistanın təqdimatıdır. Bununla özünün təhlükəsizliyini təmin etmək niyyətindədir”.
Bu sözləri ilə Ermənistanın növbəti gülünc siyasəti ilə bağlı Ednews-a açıqlama politoloq Natiq Miri deyib. O, qeyd edib ki, əslində bu, ilk belə hal deyil.
“Bu gün Zəngəzurda, Qafanda Ermənistan bayrağı ilə paralel İran bayrağı dalğalanır. Eyni zamanda Zəngilan istiqamətində Ermənistan ordusu rus bayrağını mövqelerimiz qarşısında qaldırıb. İndi də Naxçıvanla sərhəddə Arazdəyəndə ABŞ bayrağı nümayiş etdirir. Həm regional, həm də qlobal güclərin bayrağını özünə sipər etməklə guya təhlükəsizliyini təmin etməyə çalışır. Bu qədər yalan, absurd siyasətilə Azərbaycanı məğlub etmək, revanş almaq istəyir. Bununla axmaq bir dövlət və onun başçısının siyasətini görməkdəyik”.
Politoloq bildirib ki, sözügedən zavodun inşası Azərbaycan üçün heç bir təhlükə törətmir.
“Zavod tək ABŞ dövlətinin investisiyası ilə tikilmir. Bunu edən erməni əsilli bir şəxsdir. Özünün bilavasitə hökumət adamları ilə anlaşma kontekstində belə bir istehsal müəssisəsi yaratmaq istəyir. Ona görə də bu bizimçün sülh danışıqları istiqamətində və ya erməni təxribatlarının qarşısını almağımızda heç bir əngəl törədə bilməz”.
Natiq Miri son olaraq Ermənistanın-ABŞ münasibətləri fonunda indi də regionda ABŞ bayrağının asılması və bunun Rusiya ilə hər hansı şəkildə gərginliyə səbəb ola bilməsi ehtimalına da toxunub.
“Bayrağın asılması bunun hələ ABŞ-Rusiya qarşıdurmasına səbəb olacağı demək deyil. Belə olsa, Ermənistan hökumətindən soruşmaq lazımdır ki, dünyanın bütün güclərini ölkəyə yığmaqla geosiyasi maraqları bir nöqtədə necə uzlaşdıra bilər?! Bu, başını itirmiş bir hökumətin gülünc siyasətindən başqa bir şey deyil”.
Törə Zeynal