Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırılıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Qeyd olunub ki, Ermənistanla dövlət sərhədində Laçın dövlət sərhəd buraxılış məntəqəsindən BQXK-ya məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkar olunub.
Qaçaqmalçılıq cinayətinin ifşa edilməsi ilə BQXK beynəlxalq ictimaiyyətin nəzərində öz nüfuzuna böyük zərbə vurmuş oldu. Azərbaycan cəmiyyətində isə ona olan etimad tamamilə sıfıra endi.
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Ednews-a açıqlamasında bildirib ki, artıq qərar vermə növbəsi BQXK-nındır:
“Azərbaycan hökuməti dövlət qurumunun adı ilə qərarını verib. BQXK da fəaliyyətini davam etdirmək istəyirsə, Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməlidir. Azərbaycan BQXK-ya deyib ki, hər dəfə əziyyətlə "Laçın" dəhlizindən keçirsiniz, xəstələri ora-bura aparırsınız, Azərbaycan ərazisindən keçin. Bura Azərbaycanındır. Onlar bu tələbi qəbul etmədiyi üçün Azərbaycan tərəfi qəti qərar qəbul edərək, ölkə ərazisində onların fəaliyyətlərini dayandırıb".
Z.Əlizadənin sözlərinə görə, BQXK-nın bu addımı humanitar yardımla əlaqəlidir:
“Ümumiyyətlə, Azərbaycan xalqı BQXK-ya minnətdar olmalıdır. Bu qurum xalqımızın ağır günlərində, vətəndaşlarımız didərgin düşəndə uzun illər qaçqınlarımıza yardım göstərib. Görünür, indi də Qarabağda hansısa humanitar fəaliyyətlə məşğul olmaq istəyib. Lakin Azərbaycan tərəfi bu quruma bildirib ki, öz fəaliyyətinizi Ermənistandakı nümayəndəliklərlə yox, Azərbaycandakı nümayəndəliklərlə qurmalısınız. Çünki Qarabağ Azərbaycan ərazisidir”.
Oğuz