Bildiyimiz kimi Ukrayna Müharibəsinin başlamasından dərhal sonra Rusiya, Qərb dünyası tərəfindən təcrid edildi və sanksiyalara məcbur qaldı. Lakin bu ərəfədə isə Rusiyaya NATO təşkilatçılığı daxilində “dostum” deyə xitab edən bir şəxs var idi: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan. Amma yaxın günlərdə Ərdoğan – Putin arasındakı “xüsusi münasibət” ardıcıl zərbələr aldı.
İlk öncə Vilnüsdə keçirilən görüşdən 4 gün əvvəl Ukrayna prezidenti Zelenskini Türkiyədə ev sahibliyi etmiş və çox açıq bir dillə NATO – ya üzvlüyünə dəstək verdi. Daha sonra Vilnüsdə keçirilən görüşdə, aylardır İsveçin NATO üzvlüyünə qarşı çıxann Ankara hökümətinin ani bir şəkildə fikrini dəyişib, üzvlüyə imkan verməsi sözsüz Rusiyanı narahat edən bir məsələ oldu. Kremlini isə şok edən son və digər məqam isə Türkiyənin öz torpaqlarında tutduğu və Rusiyanın müharibə cinayətkarları olaraq qeyd etdiyi Azov batalyonundan 5 ordu komandirini Ukraynaya həvalə etməsi idi.
Burada belə bir sual yaranır ki, Rusiyanı narahat edən bütün bu məsələlərə qarşı cavabı nə olacaq və yaxud iki ölkənin münasibətlərinə necə təsir göstərəcək?
Rusiya bir 3 məsələdə Türkiyəni narahat edə bilər: Suriya, Dağlıq Qarabağ və qaz ixracatı.
Rusiya BMT Təhlükəsizlik Şurasının Türkiyənin Suriyanın şimalında idarə etdiyi torpaqlara yardım göndərilməsinə veto qərarı aldı. Bunun üzərinə Rusiya Suriyadakı vəziyyəti artıq tamamilə Türkiyəyə qarşı istifadə edərək əməkdaşlığı tamamilə kəsə bilər.
Bildiyimiz kimi Dağlıq Qarabağda vəziyyət gərgindir və Rusiya sülhməramlıları regionda vəziyyətə təsir göstərə biləcək potensiala sahibdir. Sözsüz bu da Türkiyəni narahat edəcəkdir.
Son məsələ isə qaz ixracatı ilə əlaqədar iki ölkənin sahib olduğu əməkdaşlıqdır ki, Türkiyənin müharibə ərəfəsində Rusiya ilə qurduğu diplomatik əlaqələr sayəsində, Türkiyə Avropa ölkələrindən fərqli olaraq daha ucuza və sərfəli qiymətə qaz idxal edə bilirdi. Lakin münasibətlərin pisləşməsi nəticəsində qiymətlər də artım görə bilərik. Qaz idxalının 45% - nin Rusiyadan təmin olduğunu nəzərə alsaq Türkiyə çətin vəziyyətdə qalacaqdır.
Baş verən bütün bu proseslərin isə niyə bu cür dəyişdiyi isə siyasətin bariz nümunəsidir. Ərdoğanın seçkilərdə qalib gəldiyini nəzərə alsaq bu tip ani dönüş etməsi tamamilə anlaşılan bir vəziyyətdir. Çünki seçkini qazanması ilə birlikdə artıq Qərb ilə Rusiya arasında münasibət tənzimləyici rolundan rahat bir şəkildə çıxa bildi. Artıq sərbəst bir şəkildə yeni və ya fərqli bir münasibət yolu çəkə bilər. Ərdoğan isə bariz şəkildə göstərir ki, hal hazırda o, Qərbə qarşı bir mövqe tutmaq istəmir və sözsüz hazırki prioriteti, Avropa İttifaqının üzvü olmaq məsələsinə aydınlıq gətirməkdir.
Əkbər Şəbəndəyev