Sentyabrın 25-də Naxçıvana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamaları ilə diqqət çəkib. Onun açıqlamalarının birində "Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”,- qeyd edilib.
Azərbaycan antiterror tədbirlərindən sonra bütün Qarabağda suveren hüquqlarını tədricən bərqərar etdiyini bildirən politoloq Natiq Miri qeyd edib ki, proses bundan sonra baş verə biləcək bütün müsbət proseslərin önünü açdı. Onun sözlərinə görə, həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün qapını araladı, buna əngəl olacaq bir çox açar məsələləri aradan qaldırdı, qarşıda artıq bu məsələni hansı kontekstdə həll etmək məsələsi önəm daşıyır.
“Ərdoğan Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında dördtərəfli formatın təmin olunması yönündə təklif verib. Düşünürəm ki, bu məsələ Naxçıvanda cənab Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ciddi müzakirə olunacaq. Təbii ki, Azərbaycan bu məsələyə razıdır”.
Natiq Miri müzakirə olunacaq digər məqamlardan da danışıb.
“Bu məqamlar üzrə müəyyən məsləhətləşmələr aparılmalı, atılacaq addım və yol xəritəsi müəyyən olunmalıdır. Sülh müqaviləsi prosesi və Qarabağla bağlı məsələlərdə tamamilə yeni situasiya yaranıb. Bu situasiyanı Azərbaycan antiterror tədbirlərini həyata keçirməklə yaratdı. Bu səfər bütün regional və qlobal güclərə qardaşlığın, Azərbaycan-Türkiyə birliyinin verəcəyi ən böyük mesaj olacaq. Bu, çox önəmli addımdır. Eyni zamanda, görüşün Naxçıvanda baş tutması, Naxçıvanla bağlı hələ də xəyallarla yaşayan Ermənistan, İran, eyni zamanda ermənilərin bəzi havadar dövlətləri kimi ölkələrə də bir ayıltma siqnalı olacaq.
Naxçıvan toxunulmaz yerdir. Naxçıvana qarşı yuxuda belə anti-Azərbaycan, anti-Türkiyə məqamları görmək, həmin ölkələr üçün çox böyük nəticələrə gətirib çıxara bilər”.
Oğuz