Brüsseldə bu ayın sonunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında gözlənilən görüş ləğv edildi. Bundan öncə Prezident İlham Əliyev Qranada görüşündən imtina etmişdi. Ardınca Nikol Paşinyan Bişkekə gəlmədi. Görüşlərlə bağlı açıqlanan arqumentlərdən başqa elementlərin olduğu iddiaları var...
Bu barədə Ednews-a politoloq Elçin Mirzəbəyli bildirdi ki, Ermənistanın və rəsmi İrəvanın normallaşma prosesinə cəlb etməyə çalışdığı ölkələrin pozucu fəaliyyəti danışıqların davam etdirilməsinə zəmin yaratmır:
"Azərbaycanın həyata keçirdiyi son antiterror tədbirlərindən sonra, 44 günlük müharibə nəticəsində bölgədə yaranmış reallıq daha da möhkəmlənib və bir müddət öncə rəsmi İrəvanın, himayəçilərinin danışıqların predmetinə çevirmək istədiyi məqamlar, mahiyyət etibarilə gündəlikdən çıxıb. Azərbaycan ərazilərini könüllü şəkildə tərk etmiş ermənilərin geri qayıdışı isə, vaxtilə indiki Ermənistan ərazisindən zorla çıxarılmış 300 min nəfərdən çox soydaşımızın geri qayıdışı nəticəsində baş tuta bilər. Reinteqrasiya prosesi paralel şəkildə aparılmalı və bu prosesdə heç bir halda beynəlxalq vasitəçilərin iştirakına yol verilməməlidir".
Politoloqun sözlərinə görə, bu, son nəticədə iki ölkənin qarşılıqlı razılaşması əsasında baş tuta biləcək bir məsələdir:
"Azərbaycanın normallaşma prosesi ilə bağlı mövqeyi aydındır. Bu barədə Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində mövqeyini ifadə edib. Mövcud şəraitdə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə üçüncü ölkələrin, xüsusilə də bölgədənkənar dövlətlərin iştirakına heç bir ehtiyac yoxdur. Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması beynəlxalq məsələ deyil. Azərbaycanın Ermənistanın işğalına son qoyması nəticəsində BMT TŞ-nın qətnamələri yerinə yetirirlib və məsələ beynəlxalq gündəlikdən çıxıb. Bu baxımdan, hesab edirəm ki, danışıqların bərpası, yalnız xarici oyunçuların iştirakı olmadan mümkündür".
Oğuz