Belçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurası (PARŞ) Baş Assambleyasının 5-ci iclası keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Ednews-a bildirilib ki, tədbirdə PARŞ-ın 2019-2023-cü illər üzrə hesabatı dinlənilib və növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub. Eləcə də PARŞ-ın prezidenti İrakli Petriaşvili və baş katibi Ester Lanç iclasda çıxış ediblər .
Tədbirdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən dövr ərzində PARŞ-ın fəaliyyətinə toxunub, işçilərin mənafeyi naminə Şuranın əhəmiyyətli qərarlarından, həyata keçirdiyi vacib layihələrdən, həmçinin həmkarlar ittifaqlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. AHİK sədri qurumun gənclərlə apardığı işi və gender siyasətini xüsusi olaraq vurğulayıb.