“Hərçənd onlar Azərbaycanın siyasi xətti ilə tam əks bir mövqe nümayiş etdirəcəklərsə, təbii ki, biz Gürcüstan ilə əlaqələrə yenidən baxmalıyıq”.
Bu fikirləri Ednews – a politoloq, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, Niyaməddin Orduxanlı, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq sazişini şərh edərkən söyləyib.
“Əslində Gürcüstan bilməlidir ki, Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri layihəsindən o, Azərbaycan vasitəsilə uzun müddət yüz milyonlarla vəsait əldə edib. Bu iqtisadi və strateji xətt sayəsində əldə edilən gəlirlərə görə Azərbaycan onlar üçün çox mühüm bir dövlət statusu daşıyır. Hərçənd onlar Azərbaycanın siyasi xətti ilə tam əks bir mövqe nümayiş etdirəcəklərsə, təbii ki, biz Gürcüstan ilə əlaqələrə yenidən baxmalıyıq. Düşmənimizlə dost olanlarla biz dost ola bilmərik. Hər halda bunlar nəzərə alınmalıdır və hökümət rəsmiləri də bununla bağlı düşünməlidir. Sözsüz, başa düşüləndir ki, hər bir dövlət öz beynəlxalq siyasətini özü də müəyyənləşdirir. Lakin bu amili Gürcüstan rəsmiləri nəzərdən qaçırmamalıdır. Ona görə də şəxsi fikrim odur ki, Gürcüstan öz atdığı addımları, Azərbaycan fonunda nəzərdən keçirməyəcəksə, ölkəmiz də buna uyğun mövcud əlaqələri korrektə etməlidir”.
Həmsöhbətimiz Gürcüstanda baş tutan baş nazir dəyişikliyinə də öz münasibətini bildirib:
“Zənnimcə baş nazir dəyişikliyinin regiona edə biləcək təsirindən savayı, ölkənin özünün sabit bir siyasi xəttinin vacibliyini vurğulamaq lazımdır. Rəhbərlik özü düşünməlidir ki, Azərbaycan onlar üçün nə səviyyədə önəm kəsb edir. Əgər bu kimi faktorlara nəzər almayıb, Ermənistanla bir olacaqlarsa buyursunlar. Ələxsus biz də buna uyğun öz cavabımızı bildirməliyik”.
Əkbər Novruz