Təkcə Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində yapon şirkətləri ilə müxtəlif layihələr həyata keçirilməkdədir.
Ednews xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş torpaqlarda yeni iqtisadi layihələr həyata keçirir, geniş yenidənqurma işləri aparır:
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda yaranmış nəqliyyat qovşağı sülh və regionlararası ticarət üçün yeni imkanlar açır. Hazırda Ağdamda yaradılmış Sənaye Parkına, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasına maraq artmaqdadır. Ölkəmizin iqtisadi inkişaf kursunda işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi, "yaşıl enerji" zonalarının yaradılması əsas istiqamətlərdən biridir".
Nazir müavini söyləyib ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi, Laçın və Kəlbəcərdə külək enerjisi layihələri üçün əlverişli potensial mövcuddur.