Qazaxıstan prezidentinin Azərbaycana səfərinin siyasi məqsədi? Azərbaycanın 2024-cü il üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) sədrliyində Qazaxıstan da bu təşkilta üzv ola bilərmi? Belə olarsa Qazaxıstan Rusiyaya qarşı cəbhə ola bilərmi?
Bu barədə Ednews-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Qazaxıstan prezidenti Tokaevin Azərbaycana səfəri əvvəlcədən planlaşdırılmış tədbirdir. Təbii ki, iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur:
“Digər tərəfdən iqtisadi baxımdan hər iki dövlət bir-birinə son dərəcə bağlıdır. Ona görə də inteqrasiya məsələlərində Bakı ilə Astana çox geniş formatlı danışıqlar, məsləhətləşmələr, əməli işlər görməkdə hər iki tərəf də israrlıdır. Son məqamlarda görürük ki, nə dərəcədə Avrasiya məkanında proseslər ziddiyətli formada inkişaf edir, Qafqaz bölgəsində, Mərkəzi Asiyada risklər var. Bunları nəzərə alaraq, iki tərəf bütün səyləri ilə bildirir ki, onları birləşdirən tellər həddən artıq güclüdür. Və ona görə də onlar qlobal gərginlik fonunda ikitərəfli formatda, türk dövlətləri təşkilatında, MDB-də, ümumiyyətlə bütün səviyyələrdə onlar bir-birlərinin yanındadırlar. Bu çox vacib məsələdir. Çünki Azərbaycan türk dilli dövlətlər təşkilatında aparıcı koordinasiya rolunu oynayır”.
T.Abbasov hesab edir ki, bütün bu proseslərin kökündə Azərbaycan durur:
“3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqaviləni xatırlamaq yerinə düşür. Burada həqiqətən də Bakının xüsusi rolu var. Ona görə də Qazaxıstan prezidenti bu məsələlər çox önəm verir. Artıq dünya prosesləri göstərir ki, türk birliyinin də fiziki cəhətdən güclənməsi son dərəcə vacibdir. Azərbaycan silhalı birləşmələrinin Özbəkistanla birgə keçirtdiyi təlimlər, Qazaxıstanla olan mövcud münasibətlər son məqamlarda çox güclənir. Azərbaycan nümunəsi də Qazaxıstan üçün mühümdür. Həqiqətin yanında olursansa gərək güclü olasan. Gərək sənin vuran əlin olsun. Və həqiqətən də həm Azərbaycan, həm də Qazaxıstan üçün yanaşmanı bir növ örnəyə çevirə bilib. Bir daha iki ölkə göstərir ki, onlar bir-birinə dəstəkdirlər”.
Oğuz