İsrail-İran qarşıdurmasının və gözlənilən müharibənin olacağı iddia edilir. Əgər bu baş verərsə Azərbaycana təsiri necə olacaq? Azərbaycanın mövqeyi hansı tərəfdən olacaq?
Bu barədə politoloq Sədrəddin Soltan Ednews-a açıqlamasında bildirdi ki, İran onsuz da İsrailə qarşı müharibəni aparır. Əgər hadisələr gözlənilmədən inkişaf edərsə İsrail İrana qarşı bir müddət sonra cavab tədbiri həyata keçirərsə Azərbaycana da müəyyən mənada təsiri olacaq:
“Birincisi, İranda Azərbaycan türkləri var. Müharibə genişmiqyaslı və birbaşa xarakter alarsa soydaşlarımızın həyatına təsir göstərəcək, onlar müharibəyə cəlb olunacaqlar. İkincisi müharibə başlayarsa İrandan kütləvi qaçqınların gəlməsi ehtimalı var. O cümlədən Azərbaycana da köç başlaya bilər. Düzdür, Azərbaycanda quru sərhədlər bağlıdır, amma imkanı olan ailələr təyyarələr vasitəsilə ölkəmizə köçə bilərlər. Yaxud da İran Azərbaycan sərhəddində gərginlik yaşana bilər. Heç şübhəsiz Azərbaycan dövləti bütün mürəkkəb vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. Bu mənada Azərbaycanın mövqeyi daha çox sülh yönlü olacaq”.
Qeyd edək ki, İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr yəhudi dövlətinin hücuma cavab verəcəyi günü dəqiq göstərmir. Qəzetin mənbələri qeyd edib ki, ABŞ İsrailin heç bir hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton İsrailin gərginliyi artıra biləcək hərəkətlər etməməsində israrlıdır.
Oğuz