Orta Dəhlizin ərsəyə gəlməsi üçün Azərbaycanda bütün lazımi infrastruktur yaradılıb.
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Çin və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan ölkə başçısı iki ölkə arasındakı iqtisadi və siyasi əməkdaşlığı münasibətini bildirib.
"Azərbaycan və Çin Orta Dəhliz layihəsinin inkişafı üçün birgə işləyir və biz müasir və yeni dəniz limanı da daxil olmaqla, lazımi infrastrukturu inşa etmişik. Biz hazırda artan yüklərin həcmini qəbul etmək üçün limanın daşıma qabiliyyətini 25 milyon tona qədər genişləndirmək üzərində işləyirik.
Biz, həmçinin Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında birgə müəssisə yaratmaq da daxil olmaqla, daşıma marşrutuna institusional dəstək göstərmək üçün addımlar atırıq. Yüklərin daşınmasının sürətini və şəffaflığını artırmaq üçün rəqəmsallaşdırma və gömrük idarəçiliyimizdə süni intellektin tətbiqi üzərində işləyirik".