Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata açıqlamasında bildirib ki, "Aİ missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir".
Ednews xəbər verir ki, o daha sonra bildirib ki, Missiyanın Aİ hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, məsuliyyətsizliyini və istər Ermənistan, istər Azərbaycan, istərsə də digər maraqlı ölkələr və strukturlar tərəfindən nəzarətsizliyini təsdiqləyir:
"Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır. Əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionun hərbiləşdirilməsi, Aİ və NATO-nun oradakı hərbi-siyasi təsirini genişləndirmək planları tamamilə uyğunsuzdur. Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır. 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazirinin müavinlərinin birgə sədrliyi ilə yaradılmış üçtərəfli işçi qrupu məhz bunu edir. Qərb dövlətlərinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib".