Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya verdiyi silahlarla Rusiyaya hücum etməsini dəstəkləyən qərarına sərt cavab verib. Ölkə prezidenti bildirib ki, Rusiya bəzi dövlətləri Qərbə qarşı silahlandıra bilər.
Rusiya hansı dövlətlərdən bu məqsədlə istifadə edə bilər?
“Bu vəziyyətdə ilk ağla gələn ölkə təbii ki, Belarusdur. Ona görə ki, Belarus müharibə ocağına olduqca yaxın yerdədir. Belarus bir çox dövlətlərə hərbi təhlükə yarada biləcək xarakteristikalara sahibdir. Polşa və Baltik dövlətləri asanlıqla hədəf alına bilər.”
Bu fikirləri Ednews-a açıqlamasında danışan rusiyalı politoloq Boqdan Bezpalko bildirib. Siyasi ekspertin fikrincə, Rusiya bu yolla regionda strateji üstünlük qazana bilər:
“Bu baxımdan təbii ki, Rusiya Belarusa regionda strateji üstünlüyü ələ almaq üçün silahlar verə bilər. Amma, yenə də nəzərdən qaçırmaq olmaz ki, bu silahlardan istifadə edilməsi sadəcə Rusiyanın icazəsi ilə ola bilər.”
Rusiya Qərbə cavab olaraq Cənubi Qafqazı silahlandıra bilər?
“Azərbaycan və Türkiyə Ermənistana silah tədarük edilməsindən narahat olmamalıdır. Rusiya və Ermənistan arasında vəziyyət sürətlə pisləşdiyi üçün belə ehtimal azdır. Ermənistan artıq rəsmi olaraq bütün inteqrasiya strukturlarından və KTMT strukturlarından çıxır. Buna görə də, Ermənistanın hər hansı müasir və bahalı silahla təmin olunma ehtimalı azdır.
Onu da nəzərə almaq lazımdır ki, Rusiya və Ukrayna müharibə şəraitindədir. Təbii ki, Rusiya Ermənistanda öz varlığını qoruyacaq. Bundan başqa, Moskva Qafqazda hər hansı müharibənin baş verməsinə icazə verməyəcək. Xatırladım ki, ABŞ Xəzər regionunu öz təsir zonası elan edib. Ora daxil olmağa çalışır.”
Fərid Axund