Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Prezidentinin "president.uz" saytı yayıb.
Mənbə yazır ki, proqrama uyğun olaraq, Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.
Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.
Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.